Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının mart ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun Çaylı kəndində olub
Qazaxda icra başçısının mart ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun Çaylı kəndində olub3-03-2026, 19:36 |
|
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin mart ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü Çaylı kənd sakinləri ilə olub. Martın 3-də Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.
2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı xalq olaraq şanlı qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib.44 günlük savaşda Çaylı kəndindən 3 nəfərin Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Birinci Qarabağ müharibəsində şəhid olan 20 nəfər qəhrəman Vətən oğlunun, eləcə də 3 nəfər Vətən müharibəsi şəhidinin xalqımızın, qazaxlıların, doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını qeyd edib.Birinci Qarabağ müharibəsində 13 nəfərin, Vətən müharibəsində 7 nəfərin müharibə əlili olduğunu söyləyib. 44 günlük Vətən müharibəsində Çaylı kəndindən 79 nəfərin iştirak etdiyini, onlardan 31 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu vurğulayıb. Vətən müharibəsində 34 nəfərin yaralandığını, 7 nəfərin müharibə əlili olduğunu söyləyib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Çaylı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkildiyini bildirib. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Ölkə başçısının yüksək dövlət qayğısı sayəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qazaxda idmanın inkişaf etdirilməsi istiqamətində bundan sonra da məqsədyönlü işlər görüləcəyini, idman yarışlarının, turnirlərin keçirilməsi üçün lazımi addımların atılacağını söyləyib. Rayon rəhbəri Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin, eləcə də martın 5-də keçiriləcək açılış mərasiminin də rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. İcra başçısı "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılmasını və “Tədbirlər Planı”nın təsdiq edilməsini bu istiqamətdə görülmüş işlərin əyani sübutu kimi qiymətləndirib.
Kənd sakinlərindən Camoy Qurbanov, Qəzənfər Qocayev və başqaları onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının rəhbərliyi altında son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini bildirən sakinlər buna görə razılıqlarını ifadə ediblər. Son illər rayonda, eləcə də Çaylı kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar. Səmimi söhbət əsasında keçən görüşdə sakinləri narahat edən bir sıra məsələlər, o cümlədən kənddə uşaq bağçasının açılması ilə bağlı müraciətlər dinlənilib, səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı, aidiyyəti təşkilatlar qarşısında bir daha məsələ qaldırılacağı bildirilib.
Geri qayıt |