Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının fevral ayında vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Qarapapaq kəndində olub
Qazaxda icra başçısının fevral ayında vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Qarapapaq kəndində olub19-02-2026, 19:09 |
|
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz real əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin fevral ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Qarapapaq kəndində yaşayan sakinlərlə olub. Fevralın 19-da Qazax Rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbdə keçirilən görüşdərayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, sakinlər iştirak ediblər.
İcra başçısı bütün kəndlərimiz kimi, Qarapapaq kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 8 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 6 nəfər Birinci Qarabağ müharibəsi, 1 nəfər Vətən müharibəsi, 1 nəfər Çernobıl əlilinin olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı gizir Əhmədov Elvin Qələndər oğlunun Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində, 2023-cü ilin antiterror tədbirləri zamanı əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Bu gün həmin qəhrəman oğulların sayəsində doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda üçrəngli bayrağımızın dalğalandığını söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 30 nəfərin “Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsi, 2 nəfərin Vətən müharibəsi əlili, 27 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib. İcra başçısı sakinlərlə təşkil edilmiş görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Qarapapaq kəndində uşaq bağçasının açılması, kəndarası yolların təmiri ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.
Geri qayıt |