Əsas Səhifə > Manşet / Ədəbiyyat > Bu gün xalqın sevilən şairi Nəriman Həsənzadənin doğum günüdür

Bu gün xalqın sevilən şairi Nəriman Həsənzadənin doğum günüdür


18-02-2026, 09:35

Nəriman Həsənzadə! Bu ad hər birimizə əziz, əziz olduğu qədər də doğmadır. Çünki bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olan, onun azadlığı, istiqlalı naminə gecəsini gündüzünə qataraq yorulmadan yazıb-yaradan qələm adamlarındandı Nəriman Həsənzadə. O, Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizə apardığı illərdə hər zaman xalqına arxa, dayaq olmağı bacaran, ümumiyyətlə, millətinə, xalqına xidməti özünün həyat amalına çevirən şair kimi öz yüksək intellekti, mübarizliyi ilə həmişə öndə olub.

Bu gün müasir Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 95-ci ildönümü tamam olur. Xalq şairimiz bu gün 95 yaşını müstəqil, suveren, ən əsası da 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun Zəfər çaldığı qalib ölkənin vətəndaşı olaraq qeyd edir.

Ölkəmizdə dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən saz-söz adamlarına, şairlərimizə, yazıçılarımıza verilən qiymət, dəyər hər zaman yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyevin 2021-ci il fevralın 17-də Xalq şairinə 90 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlanması, elə həmin gün müvafiq sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal” ordeni ilə təltif etməsi də bir daha bunun bariz nümunəsidir.

Rəhbər təyin olunduğu ilk gündən saz-söz adamlarını, şairlərimizi daim diqqətdə saxlayan, onlardan qayğısını əsirgəməyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalıb Xalq şairimizi təbrik etməyi də unutmayıb. İcra başçısı Rəcəb Babaşov Xalq şairi Nəriman Həsənzadəni doğum günü münasibətilə Qazax ictimaiyyəti, ziyalılar və öz adından səmimi qəlbdən təbrik edib. Dəyərli ziyalımıza cansağlığı və ən xoş arzularını çatdırıb. Müstəqil Azərbaycanımızın inkişafı naminə gələcək işlərində və fəaliyyətində ona yeni yaradıcılıq uğurları arzulayıb.

Nəriman Əliməmməd oğlu Həsənzadə şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın Əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın Xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017), "İlin şairi" makafatı laureatı (2010), "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir.

Xalq şairi Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin İnstitutu bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976–1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Dil və ictimai fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011) ilə təltif olunmuş və 2002-ci ildə Fərdi prezident təqaüdünə layiq görülmüşdür.

18 fevral 2021-ci ildə ildə Respublika Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal" ordeni ilə təltif edilib.

Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın Xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində "Vətənsiz" (Rumıniya, 2009) və "Nuru Paşa" (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.

"Kayseri poeziya günləri"ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N.Həsənzadə ilin şairi elan olunmuş, ona "Uğur - 2009" diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.

2023-cü ilin iyun ayında gözündən əməliyyat olunub.

“Dostlar gözləyir məni” (Bakı: Uşaqgəncnəşr, 1956), “Qız ürəyi” (Bakı: Uşaqgəncnəşr, 1957), “Haradasan” (Bakı: Uşaqgəncnəşr, 1959), “Qaraca Çobanın hekayəti” (Bakı: 1960), “Sizdən ayrılmadım” (Bakı: Uşaqgəncnəşr, 1961), “Könlüm şer istəyir” (Bakı: Azərnəşr, 1964), “Yadına düşəcəyəm” (Bakı: Azərnəşr, 1966), “Nəriman” (Bakı: Azərnəşr, 1968), “Niyə demədiniz” (Bakı: Gənclik, 1970), “Zümrüd quşu” (Bakı: Gənclik, 1973), “Mənim gecəm-gündüzüm” (Bakı: Gənclik, 1973), “Nabat xalanın çörəyi” (Bakı: Gənclik, 1974), “Zümrüd quşu” (Bakı: Gənclik, 1976), “Nəriman” (Bakı: Yazıçı, 1978), “Sən bağışladın” (Bakı: 1979), “Bir az möhlət istəyirəm ömürdən” (Bakı: 1981), “Fikir eləmə” (Bakı: Gənclik, 1982), “Kimin sualı var” (Bakı: Gənclik, 1984) “Nabat xalanın çörəyi” (Bakı: Gənclik, 1986), “Seçilmiş əsərləri” (Bakı: Azərnəşr, 1987), “Mənim nikahımı pozdu təbiət” (Bakı: Yazıçı, 1989), “Bütün millətlərə” (Bakı: Yazıçı, 1991), “Taleyin töhfəsi” (Bakı: Gənclik, 1993), “Gəlimli-gedimli dünya” (Bakı: Şərq-Qərb, 1995), “Pompeyin yürüşü” (Bakı: "Azərbaycan ensiklopediyası", 1995), “Seçilmiş əsərləri” (Bakı: Şərq-Qərb, 2004), “Poylu beşiyim mənim” (Bakı: 2007), “Nəriman” (Bakı: 2009), “Seçilmiş əsərləri” (Bakı: 2010), “Nuru Paşa” (Bakı: 2010) kitabları işıq üzü görüb. “Nəriman”, “Zümrüd quşu”, “Kimin sualı var?”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Midiya sarayı”, “Bəyanət”, “Həsrət”, “Vətənsiz”, “Heybədə gəzən şeir”, “Şahid ol, günəş”, “Rəsul Həmzətova məktub”, “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Qaçaq Kərəm”, “Səfirə”, “Xarıbülbül”, “Nə qəribədir”, “Azadlıq himni”, “Povesti”, poemalarının müəllifidir. “Nabat xalanın çörəyi” povestini qələmə alıb.

“Nəriman Həsənzadə” (film, 2006), “Qəmbər Hüseynli” (film, 2007), “Mən Hüseyn Arifəm…” (film, 2010), “Türkün ulusu. Xəlil Rza Ulutürk” (film, 2015) əsərləri əsasında filmlər çəkilib.

"Tale mənə şairliyi könül dostu verib”, - deyən Xalq şairi inanırıq ki, qarşıdakı illərdə də əzəli və əbədi "dostu” ilə çox sirdaşlıq edəcək və neçə-neçə yeni poetik nümunələrlə oxucularını sevindirəcək.


Geri qayıt