Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı şəhid bacısının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
Qazaxda icra başçısı şəhid bacısının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib10-02-2026, 17:52 |
|
Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
08.02.2026-cı il tarixdə qəhrəman şəhidimizin bacısı Rzayeva Şölə Həbib qızı dünyasını dəyişib. Bu gün şəhid bacısının üç mərasimi olub.
İcra başçısı Rəcəb Babaşov mərhum Şölə Rzayevanın vəfatından kədərləndiyini bildirib, şəhidin ailəsinə, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlər zamanı şirin canlarından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. Nə qədər Azərbaycan xalqı var Nəriman Rzayev kimi qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. “Bu gün özümə borc bildim ki, qəhrəman şəhidimizin bacısının hüzr mərasimində iştirak edim”, - deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların ata və analarının, yaxınlarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.
Geri qayıt |