Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı şəhid anasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib

Qazaxda icra başçısı şəhid anasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib


28-01-2026, 19:02

Vətəni, torpağı canından əziz tutan, bu yolda şirin canından keçərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımız minlərlədir. Həmin igid oğullarımız təkcə verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamadılar, onlar həm də öz əməlləri ilə hər kəsə örnək və nümunə oldular. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.

Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran qəhrəmanlarımızdan biri də Quşçu Ayrım kəndinin igid oğlu şəhid Cəfərov İlqar Dursun oğludur.

Şəhid İlqar Cəfərov 27 fevral 1976-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1983-cü ildə Qazax rayon Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olmuş, 1994-cü ildə həmin orta məktəbi bitirərək ordu sıralarına yollanmışdır. 3 sentyabr 1995-ci ildə Ağdam rayonunun Əfətli kəndində gedən döyüşlər zamanı şəhid olmuşdur. Qəhrəman şəhidimiz Quşçu Ayrım kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.

Yanvarın 26-da qəhrəman şəhidimizin anası Cəfərova Salatın Məsim qızı dünyasını dəyişib. Mərhum şəhid anası yanvarın 27-də Quşçu Ayrım kənd qəbiristanlığında dəfn olunub.

Yanvarın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Quşçu Ayrım kəndində olub, şəhid anasının vəfatı ilə əlaqədar mərhumun ailəsini ziyarət edib.

İcra başçısı Rəcəb Babaşov mərhum Salatın Cəfərovanın vəfatından kədərləndiyini bildirib, şəhidimizin qardaşlarına, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlər zamanı şirin canlarından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. Nə qədər Azərbaycan xalqı var İlqar Cəfərov kimi qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. “Bu gün özümə borc bildim ki, qəhrəman şəhidimizin anasının vəfatı ilə əlaqədar ailəsini ziyarət edim”, - deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.



Geri qayıt