Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının yanvar ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü rayonun Aslanbəyli kəndində olub
Qazaxda icra başçısının yanvar ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü rayonun Aslanbəyli kəndində olub26-01-2026, 23:30 |
|
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının yanvar ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü rayonun Aslanbəyli kənd sakinləri ilə olub. Yanvarın 26-da Qazax rayon Aslanbəyli kənd tam orta ümumtəhsil məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.
2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayıb, cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri bütün kəndlərimizdən olduğu kimi, Aslanbəyli kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 24 nəfər, 2016-cı ilin Aprel döyüşlərində 1 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 8 nəfərin, Vətən müharibəsində 3 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Aslanbəyli kəndindən 106 nəfərin iştirak etdiyini, onlardan 76 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəs üçün örnək olmalıdır. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Aslanbəyli kəndində 69 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 4 nəfərin şəhid ailəsi, 5 nəfərin Vətən müharibəsi əlili, 60 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Rayon rəhbəri Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. İcra başçısı "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılmasını və “Tədbirlər Planı”nın təsdiq edilməsini bu istiqamətdə görülmüş işlərin əyani sübutu kimi qiymətləndirib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Aslanbəyli kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də kənddə “Azəronline” və “Selnet” şirkəti tərəfindən fiber optik internet xəttinin çəkildiyini söyləyib.
"Bu gün görüşməkdə əsas məqsədimiz siz vətəndaşları dinləməkdir”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının rəhbərliyi altında son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini bildirən sakinlər buna görə razılıqlarını ifadə ediblər. Son illər rayonda, eləcə də Aslanbəyli kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Aslanbəyli kəndində körpələr evi-uşaq bağçasının açılması, kənddə elektrik xətlərinin sip kabellə əvəz olunması və s. bağlı müraciətləri dinlənilərək səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı, aidiyyəti təşkilatlar qarşısında bir daha məsələ qaldırılacağı bildirilib.
Geri qayıt |