Əsas Səhifə > Manşet / Rəsmi > Prezident İlham Əliyev: “Son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir”
Prezident İlham Əliyev: “Son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir”12-01-2026, 08:17 |
|
Ölkə rəhbəri qeyd etdi ki, son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. Bu stansiyanın tikintisində baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyətini qeyd etməliyəm. Bu şirkət bu layihədə podratçı kimi iştirak edir, ancaq digər layihələrdə, o cümlədən investor kimi iştirak edəcək. Əminəm ki, bu şirkətin nəzərdə tutduğu bütün planları Azərbaycanda həyata keçəcəkdir. Təbii ki, Azərbaycan energetiklərinin əməyini qiymətləndirməliyəm. Çünki son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir. Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə Günəş elektrik stansiyasının tikintisinə də başlanılmışdır.
Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də.
Xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulun təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır. Bərpaolunan enerji potensialımız çox artacaq. Gələcək planlarla bağlı. Nəzərə alsaq ki, bizdə bərpaolunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu “AzərEnerji” öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın və mən xarici investorları da bu işə dəvət edirəm. Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur.
Geri qayıt |