Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı igid Vətən oğullarını məzarları başında ehtiramla anıb
Qazaxda icra başçısı igid Vətən oğullarını məzarları başında ehtiramla anıb26-12-2025, 12:00 |
|
30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədə Qazaxın mərd oğullarının da payı var. Düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə Qazaxın igid oğulları da əsl qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə yüksəldilər. Qazaxda bütün şəhidlərimizin, adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri daim yad olunur. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizi, qazilərimizi, onların ailə üzvlərini daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də davam etdirir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı rayon rəhbərinin iş fəaliyyətinin əsas hissəsini təşkil edir. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində, bayramlarda onların məzarlarını ziyarət edən, ailələrini tək qoymayan rayon rəhbəri ənənəsinə sadiq qalaraq qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində 44 günlükVətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı yad edib, onların əziz xatirələrini ehtiramla anıb. İcra başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə rayonun Ürkməzli və Dəmirçilər kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub. Rayon rəhbəri Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən, antiterror tədbirlərindən söz açan icra başçısı hərb tarixinə, xalqımızın yaddaşına adlarını qızıl hərflərlə yazan igid oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil dövlətimiz, xalqımız var olduqca şəhidlərimizin də daim qəlblərdə yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını əziz tutmağın, yaşatmağın hər birimizin vəzifəsi olduğunu vurğulayıb. “Ölkə Prezidenti şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün nümunədir. Hər zaman olduğu kimi, bu gün də özümə borc bildim ki, bayram ərəfəsində şəhidlərimizi ziyarət edim. Onların ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini söyləyib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhid ailələri onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasına görə razılıq ediblər. Şəhid ailələri igid Vətən oğullarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qeyd ediblər. Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli kəndinin igid oğlu çavuş Pənahov Elməddin Məqsəd oğlunun məzarını ziyarət
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli kəndinin igid oğlu gizir Nağıyev Anar Sahib oğlunun məzarını ziyarət
Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Dəmirçilər kəndinin igid oğlu gizir Məmmədov Turan Nadir oğlunun məzarını ziyarət
Geri qayıt |