Əsas Səhifə > Manşet / Rəsmi > Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb


5-03-2018, 11:40
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb
Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

GOYEZEN.AZ saytı APA-nın məlumatına istinadən bildirir ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Bundan başqa, sərəncamda Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10 faiz artırılmasını təmin etmək tapşırılıb.

Nazirlər Kabineti bu qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etməli, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, eləcə də bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.


Geri qayıt