Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Vətən müharibəsi şəhidi Tural Məmmədovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
İcra başçısı Vətən müharibəsi şəhidi Tural Məmmədovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib12-12-2025, 21:05 |
|
Dekabrın 12-si 44 günlük haqq savaşında qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin beşinci ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 5 il ötür. Bu gün Tural Məmmədov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur.
Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Bu gün bizim qürur yerimiz olan şəhidlərimizlə hər birimizin fəxr etdiyi bildirilib. İllər ötsə belə Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Tural Məmmədovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacağı qeyd olunub. Gələcək nəsillərin Tural tək igid Vətən oğullarından igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu örnək götürdükləri vurğulanıb. Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolunu gələcək nəsillərə, gənclərə tanıtmağın, xatirələrini əbədi tutmağın hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğu bildirilib. Söylənilib ki, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməli, Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Tural Məmmədovun əziz xatirəsi daim ehtiramla anılacaq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, onlarla qürur duyduğumuz qeyd edilib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı qeyd olunub. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
ŞəhidMəmmədov Tural Elxan oğlu 17 sentyabr 1990-cı ildə Qazax rayonunun Qızıl Hacılı kəndində anadan olmuşdur. 01.09.1997-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.10.2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. 01.04.2010-cu il tarixdə həqiqi hərbi xidmətini başa vuraraq tərxis olunmuşdur. 12.12.2016-cı il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi kəşfiyyatçı-sanitar vəzifəsində xidmətə başlamışdır. 2017-ci ildə isə kəşfiyyatçı ixtisası üzrə imtahanları müvəffəqiyyətlə verərək sertifikat almış və 2018-ci ildən "N" saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. O, xidmətini daim döyüş bölgələrində keçirmiş, nizam-intizamlı, qorxmaz, mərd və cəsarətli olması ilə yoldaşlarından fərqlənmişdir. Tural öz peşəsini çox sevirdi, onunla nəfəs alırdı sanki. Gecə-gündüz bilməz, verilən tapşırıqları vicdanla və sevə-sevə yerinə yetirərdi. Ona görə də hərbi hissə komandanlığı tərəfindən Tural Məmmədovun xidməti həmişə yüksək qiymətləndirilirmiş, 2018-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif “N” saylı hərbi hissələrində xidmət edən, “Həmlə” taborunun kəşfiyyat bölüyündə döyüşən kəşfiyyatçı Tural Məmmədov Vətən müharibəsində igidcəsinə vuruşub. İkinci Qarabağ müharibəsi döyüşlərinin başladığı ilk günlərindən Kəlbəcər rayonunun “Murovdağ” istiqamətində gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Şəhid Tural Məmmədov 12 dekabr 2020-ci il tarixdə Qazax rayonunun Qızıl Hacılı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi.İki əkiz -Nihat adlı oğul, Nilay adlı qız övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Tural Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid əsgər Tural Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü”medalları ilə təltif olunmuşdur. Qazax-Yuxarı Əskipara avtomobil yolunun kənarında şəhidimizin adını əbədiləşdirən bulaq inşa olunub. Qazax şəhərinin Hüseyn Arif küçəsində “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun,çavuş Veyisli Xaliddin Zərgər oğlunun, əsgər Məmmədov Tural Elxan oğlunun, (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun adını əbədiləşdirən bulaq inşa olunub.
Geri qayıt |