Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının dekabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü sərhəd kəndi Fərəhlidə yaşayan sakinlərlə olub
Qazaxda icra başçısının dekabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü sərhəd kəndi Fərəhlidə yaşayan sakinlərlə olub11-12-2025, 23:04 |
|
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır. Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin dekabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü sərhəd kəndi Fərəhlidə yaşayan sakinlərlə olub. Dekabrın 11-də Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə sakinləri narahat edən məsələlər dinlənilib.
Rayon rəhbəri sərhəddə yerləşən Fərəhli kəndinin daim diqqət mərkəzində saxlanıldığını, bu kənddə keçirilmiş görüşlərdə səslənən məsələlərin zamanla aradan qaldırıldığını söyləyib. Rayon rəhbəri dövlət başçısının rəhbərliyi altında Fərəhlikəndinə yeni asfalt yolun çəkilməsini bu kənddə yaşayan sakinlərə olan dövlət qayğısı kimi qiymətləndirib. İcra başçısı bütün kəndlərdə olduğu kimi, Fərəhli kəndində də vətəndaşların optik internet xətti ilə təmin olunduğunu, kənddə SİP kabelləşmənin tam başa çatdırıldığını qeyd edib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən söz açan icra başçısı həmin qələbədə Fərəhli kəndindən olan igid oğullarımızın da payı olduğunu söyləyib. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan danışan icra başçısı Şəhidlik zirvəsinə ucalan əsgər Daşdəmirov Elfak Eltun oğlunun, kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun, Aprel döyüşlərində qəhrəmanlığı ilə tarix yazan kapitan Orucov Mühüd Qurban oğlunun, eləcə də Birinci Qarabağ müharibəsində canından keçən bütün şəhidlərimizin illər ötsə belə heç zaman unudulmayacağını söyləyib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 3 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 8 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Fərəhli kəndindən 27 nəfərin iştirak etdiyini, onlardan 12 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu qeyd edib. Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, Aprel döyüşlərində, eləcə də xidməti vəzifəsini yerinə yetirərkən ümumilikdə, 7 nəfərin Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Rayon rəhbəri Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsində, istərsə də digər döyüşlərdə canlarından keçən şəhidlərin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, bunu Fərəhli kəndinin timsalında da görmək olar. Rayon rəhbəri 2016-cı ildən bu yana Fərəhli kəndində əkin sahəsinin 285 hektardan 700 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.
Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayan icra başçısı bu ilin yüksək səviyyədə qeyd olunması üçün Qazax rayonunda silsilə tədbirlərin keçirildiyini qeyd edib. Sonra icra başçısı sakinləri narahat edən məsələləri, eləcə də onlar tərəfindən səslənən təklifləri dinləyib. Fərəhli kənd sakinlərindən Alı Həsənov və başqaları onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə, sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Geri qayıt |