Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı bir qrup Daş Salahlı kənd sakininin müraciəti ilə yerində tanış olub

İcra başçısı bir qrup Daş Salahlı kənd sakininin müraciəti ilə yerində tanış olub


8-12-2025, 19:54

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanması hər bir dövlət məmuruna nümunədir. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir.

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

Dekabrın 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun Daş Salahlı kəndində yaşayan bir qrup sakinin müraciətinə əsasən yerində baxış keçirməsi rayonda vətəndaş amilinin əsas götürülməsininbariz nümunəsidir.

Vətəndaşların yaşadıqları küçədə elektrik enerjisinin gərginlik düşgüsü ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsəyə həssaslıqla yanaşılacağını söyləyib. Qazax Elektrik Şəbəkəsinin rəisi Firdovsi Qasımovla birlikdə vətəndaşların müraciətini dinləyən icra başçısı sözügedən məsələnin həlli istiqamətində nəzərdə tutulmuş işləri müzakirə edib. Şəbəkə rəisi qeyd edilən məsələnin aradan qaldırılması üçün əlavə olaraq yeni transformatorun qoyulmasının, həmçinin yeni dayaq basdırılaraq xətlərin yenilənməsinin nəzərdə tutulduğunu bildirib. Rayon rəhbəri bu gündən işlərə başlanması və tez zamanda aradan qaldırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.

Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Geri qayıt