Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən oğullarına, şəhidlərimizə, qazilərimizə, onların ailələrinə daim diqqət ayırmaq hər birimizin borcudur
Vətən oğullarına, şəhidlərimizə, qazilərimizə, onların ailələrinə daim diqqət ayırmaq hər birimizin borcudur29-11-2025, 08:59 |
|
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və “Şanlı Vətən Oğulları” adlı kitabların yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. Görülən işlərə baxmayaraq son dövrlərdə sosial şəbəkələrdə şəhidlərin məzarlarının ziyarət edilməməsi, onların ailələrinə diqqət göstərilməməsi barədə bir çox dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatlar paylaşılır. Rayon rəhbəri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda RİH əməkdaşları tərəfindən Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları, şəhid ailələrinin üzvləri evlərində ziyarət olunur. Xüsusi ilə bayram günlərində, şəhidlərin doğum və anım günlərində, şəhidlərin ailə üzvlərinin təşkil etdiyi toy məclislərində şəhid ailələri diqqətdə saxlanılır. Şəhid ailələri ilə yanaşı müharibə əlilləri və iştirakçıları ilə mütəmadi görüşlər keçirilir, xüsusi qayğıya ehtiyacı olanlara diqqət göstərilir, evlərində ziyarət olunaraq qayğıları ilə maraqlanılır. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə bağlı görülmüş işləri, keçirilmiş görüşləri və ziyarətləri Rayon İcra Hakimiyyətinin rəsmi saytında və Göyəzən.az internet portalında aydın görmək olar. Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdıran igid Vətən oğullarına, şəhidlərimizə, qazilərimizə, onların ailələrinə daim diqqət ayırmaq, qayğıları ilə maraqlanmaq hər birimizin borcudur. Geri qayıt |