Əsas Səhifə > Manşet / Şəhidlər > Müalicə aldığı xəstəxanada ziyarət olunan şəhid atasının istəyi müsbət həll olundu

Müalicə aldığı xəstəxanada ziyarət olunan şəhid atasının istəyi müsbət həll olundu


Dünən, 13:46


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olunub. 44 günlük müharibə dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya göstərdi. Ali Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, həm də bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.

Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri də 24 yaşında Şəhidlik zirvəsinə yüksələn, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Vətən müharibəsi şəhidi əsgər Nəsibov Nicat Səməd oğludur.

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.


Noyabrın 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxovla birlikdə “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Müalicə Diaqnostika Mərkəzində olması, mərkəzin hemodializ şöbəsində müalicə alan Vətən müharibəsi şəhidi Nicat Nəsibovun atası Səməd Nəsibovu ziyarət etməsi barədə ötən yazımızda məlumat vermişdik. Qazax Rayon Mərkəzi Xəstəxanasında müalicə olunan və bu günlərdə evə buraxılan şəhid atasının səhhəti ilə maraqlanan rayon rəhbəri onun qayğılarını dinləmiş, etdiyi müraciətə isə həssaslıqla yanaşmışdı. Şəhid atasının hemodializ şöbəsində mövcud olan televizorların işləməməsi barədə etdiyi müraciətə dərhal reaksiya verən, həlli istiqamətində lazımi tapşırıqlarını verən icra başçısı səslənən məsələnin qısa vaxtda aradan qaldırılacağını söyləmişdi. Budur, artıq şəhid atasının istəyi müsbət həll olundu. Şöbədəki sözügedən televizorlar işlək vəziyyətdədir və burada müalicə alan xəstələrin ixtiyarına verilib. 

Noyabrın 20-də Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov Mərkəzdə olub, mövcud vəziyyətlə yerində maraqlanıb, müalicə olunan xəstələrlə görüşüb. Müalicə alan xəstələr onlara göstərilən diqqət və qayğıya, etdikləri müraciətə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qazaxda vətəndaş məmnunluğunun təmin olunmasına görə razılıq ediblər. 

Şəhid Nicat Nəsibov 3 oktyabr 1996-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2003-cü ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ildə Gəncə Regional Kollecinə daxil olmuşdur. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2017-ci ilin oktyabr ayında isə tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən Gəncə Regional Kollecində təhsilini davam etdirmişdir. 2019-cu ildə kolleci elektrik ixtisası üzrə başa vurmuşdur. O, 2020-ci ilin əvvəllərində imtahan yolu ilə Gəncə Regional Enerji İdarəsində işə düzəlmişdir.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 24 yaşlı igid Vətən oğlu 27.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 29.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. 

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”,  24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”medalları ilə təltif edilmişdir. Qəhrəman şəhidimizin doğulduğu kənddə yaşadığı evin qarşısında xatirəsini əbədiləşdirən bulaq inşa olunub, dayanacaq qoyulub.


Geri qayıt