Əsas Səhifə > Manşet / Səhiyyə > “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I konfrans” keçirilib
“Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I konfrans” keçirilibDünən, 22:13 |
|
TƏBİB-in təşkilatçılığı ilə Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində “Qlobal Cərrahiyyə 2030” təşəbbüsü ilə “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I Konfrans” baş tutub. Konfransda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorun müşavirləri Vüqar Yaqublu və Emil Qasımov, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov, TƏBİB-in struktur bölmə rəhbərləri, müxtəlif tibbi ərazi bölmələrinə daxil olan tibb müəssisələrinin rəhbər əməkdaşları və həkim-mütəxəssisləri iştirak edib. Konfransda açılış nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qlobal sağlamlığın ayrılmaz tərkib hissəsi olan cərrahiyyənin cari vəziyyəti, vacibliyi, dayanıqlığı və sosial aspektlərini vurğulayıb. V.Qurbanov qeyd edib ki, son onilliklərdə səhiyyədə böyük irəliləyişlər əldə olunsa da, təəssüf ki, bu nailiyyətlər ədalətli bölüşdürülməyib: “Dünyada hələ də 5 milyarddan çox insan ehtiyac yarandıqda təhlükəsiz və sərfəli cərrahiyyə və anesteziyaya çıxışdan məhrumdur. Belə ki, hər il 33 milyon insan cərrahi xidmətlər ucbatından katastrofik xərclərlə üzləşir. Vaxtında müalicə oluna bilən appendisit, yırtıq, sınıq, ağır doğuşlar, anadangəlmə qüsurlar, süd vəzi və uşaqlıq boynu xərçəngi kimi hallarda gecikmə həyati riskləri artırır. Bu reallıq bizə göstərir ki, cərrahiyyə sadəcə klinik xidmət deyil, həm də ictimai sağlamlıq məsələsidir”. Daha sonra Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək konfrans iştirakçılarını salamlayıb. Qazax rayonunda, eləcə də rayon səhiyyəsinin inkişafı istiqamətində görülən işləri və yenilikləri yüksək qiymətləndirib. O, layihənin region üçün vacibliyindən danışıb. TƏBİB-in İcraçı direktorunun müşaviri Vüqar Yaqublu “TƏBİB-in zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə yol xəritəsi – cərrahi hədəflər” mövzusunda çıxış edərək konfrans iştirakçılarına yol xəritəsinin əhəmiyyəti, məqsəd və vəzifələri barədə geniş məlumat verib. “Zəruri, təhlükəsiz və sərfəli cərrahi və anesteziya xidmətinin qiymətləndirilməsi üçün əsas indikatorların müəyyən edilməsi və bu indikatorlar üzrə real hədəflərə çatmaq gələcək illər üzrə prioritetlərimizi təyin edir” – deyə V.Yaqublu qeyd edib. Vüqar Yaqublu çıxışında bildirib ki, “Qlobal Cərrahiyyə 2030” proqramı dövlətlərə öz spesifik xüsusiyyətlərinə və resurs imkanlarına uyğun şəkildə cərrahi xidmətlərin inkişafına nail olmaq üçün geniş çərçivə təqdim edir. O, qeyd edib ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və səhiyyə sistemimizin region ölkələri ilə müqayisədə daha güclü olması bu proqramın hədəflərinə daha qısa müddətdə çatmaq üçün böyük potensial yaradır. O, diqqətə çatdırıb ki, ölkəmizdə tətbiq edilən İcbari Tibbi Sığorta sistemi beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılıb və yalnız zəruri 44 cərrahi proseduru deyil, həm də əlavə olaraq “Zəruri Cərrahiyyə +” paketi çərçivəsində ümumilikdə, 90 cərrahi proseduru əhatə edir. Bu isə Azərbaycanda cərrahi xidmətlərin əhatəliliyinin və maliyyə müdafiəsinin yüksək səviyyədə qurulduğunu göstərir. Vüqar Yaqublu bildirib ki, bütün bu inkişaflara baxmayaraq, region xəstəxanalarında cərrahi xidmətlərin əlçatanlığı, kadr sıxlığı və əməliyyat həcmlərində müəyyən çatışmazlıqlar mövcuddur. O, bu səbəbdən cərrahi xidmətlərin böyük hissəsinin daha çox II və III səviyyəli tibb müəssisələrində cəmlənməsinin mövcud reallıq olduğunu vurğulayıb. O, qeyd edib ki, məhz bu çağırışları nəzərə alaraq “Azərbaycanda zəruri cərrahiyyə və anesteziya xidmətinin təşkili üzrə Yol Xəritəsi” adlı strateji sənəd hazırlanıb və bu Yol Xəritəsi “Qlobal Cərrahiyyə 2030” proqramının əsas prinsiplərinə əsaslanır. Sənəd ölkədə cərrahi və anesteziya xidmətlərinin bütün regionlarda sistemli, davamlı və keyfiyyətli şəkildə inkişafını təmin etməyə yönəlib. TƏBİB-in icraçı direktorunun müşaviri Emil Qasımov “TƏBİB-in zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə yol xəritəsi – anestezioloji hədəflər” mövzusunda çıxış edərək yol xəritəsinin anestezioloji aspektdən əhəmiyyətini vurğulayıb. ““Qlobal Cərrahiyyə 2030” üzrə nəzərdə tutulan zəruri cərrahi və anestezioloji proseduraların siyahısının beynəlxalq standartlara çatdırılması əhalinin tibbi xidmətlərə əlçatanlığı istiqamətində əhəmiyyətli rol oynayacaq.” – deyə E.Qasımov bildirib. Daha sonra Yeni Klinikanın direktor müavini Eldar Əhmədov “Region xəstəxanalarında cərrahi ağırlaşmaların müalicəsi və profilaktikasının təşkili: tibb müəssisələri ilə koordinasiya və əməkdaşlıq” mövzusunda çıxış edib. “Müxtəlif regionlarda yerləşən tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığı, təcrübə mübadiləsi və düzgün koordinasiyası pasiyentlərdə yarana biləcək cərrahi ağırlaşmaların faizini aşağı endirəcək”. - deyə E.Əhmədov qeyd edib. Sumqayıt Tibb Mərkəzinin direktor müavini Ramin Qasımov “Məhdud resurslu mühitlərdə təhlükəsiz cərrahiyyə: insan amili və sistem yanaşmasının balansı” mövzusunda çıxış edərək təhlükəsiz cərrahiyyədə beynəlxalq təcrübənin əhəmiyyətindən bəhs edib. “Təhlükəsiz cərrahiyyədə resursların düzgün istifadə olunması, mütəmadi monitorinq və hüquqi normativ sənədlərin hazırlanması mühüm əhəmiyyət daşıyır.” – deyə R.Qasımov vurğulayıb. Mərkəzi Klinikanın Cərrahiyyə şöbəsinin rəhbəri Zaur Xəlilov “Birinci səviyyəli xəstəxanalarda təcili cərrahiyyə xidmətlərinin təşkilində ”Xəsər Kontrolu” prinsipləri”mövzusunda çıxış edib. “Təcili cərrahiyyədə “Xəsər kontrolu” (Damage Control Surgery) xəstənin həyati vacib funksiyalarını qorumaq məqsədilə həyata keçirilən minimal, lakin həyati əhəmiyyətli cərrahi müdaxilə prinsipidir və diqqətdə saxlanmalı əsas məqamlardandır.” – deyə Z.Xəlilov qeyd edib. Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov “Regionlarda cərrahi xidmətin təkmilləşməsində minimal invaziv cərrahiyyənin rolu” mövzusunda çıxış edərək minimal invaziv cərrahiyyənin müasir metodlarından və əhəmiyyətindən danışıb. “Minimal invaziv cərrahiyyənin metodları əməliyyat travmasını azaldır, xəstələrin xəstəxanada qalma müddətini qısaldır və sağalma prosesini sürətləndirir. Regionlarda bu texnologiyaların tətbiqi yüksək ixtisaslı kadrların yetişdirilməsinə, müasir avadanlıqlarla təchizata və ixtisaslaşmış cərrahi mərkəzlərin inkişafına təkan verir.” – deyə Q.Müslümov vurğulayıb. Mərkəzi Neftçilər Xəstəxanasının Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Elmir Əsgərov “Zəruri cərrahiyyə xidmətinin təşkili zamanı mütəxəssis çatışmazlığının aradan qaldırılması üçün mentor həkimlərin rolu” mövzusunda çıxış edib. “Mentor həkim konsepsiyasının gücləndirilməsi mütəxəssis çatışmazlığının qısamüddətli həll yollarından biridir.” – deyə E.Əsgərov əlavə edib. Qeyd edək ki, konfransın məqsədi 2030-cu il tarixindən etibarən inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələrində yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlərinə (neyrocərrahiyyə, ürək, protezləmə, bariatrik və s.) çıxışın təmin edilməsi üçün klinik təchizatın dayanıqlığının gücləndirilməsi, xəstə axınının optimallaşdırılması, davamlı tibb təhsili proqramlarının tətbiqi, regionlara ixtisaslı kadrların cəlbi və xaricdə fəaliyyət göstərən mütəxəssislərin ölkə səhiyyəsinə inteqrasiyası istiqamətində tədbirlərin həyata keçirilməsinin ilkin mərhələdə start verməkdir. Konfransın sonunda “Zəruri Cərrahiyyə və Anesteziya Xidmətlərinin Təşkili üzrə Elmi-Praktik Məsləhət Şurası” yaradılmasına qərar verilib. Şura ildə bir dəfə tam tərkibdə “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə” növbəti konfransda toplanması planlaşdırılır və TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin cərrahiyyə və anesteziologiya bölmələrinin rəhbər heyətindən, həmçinin müvafiq peşəkar cəmiyyətlərin nümayəndələrindən formalaşdırılıb. Konfransların ildə bir dəfə olmaqla regionlarda keçirilməsi nəzərdə tutulur.
Geri qayıt |