Əsas Səhifə > Manşet / Mədəniyyət > Qazaxda “Milli dövlətçiliyin konstitusion əsaslarının işlənib hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda tədbir keçirilib
Qazaxda “Milli dövlətçiliyin konstitusion əsaslarının işlənib hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda tədbir keçirilib12-11-2025, 16:22 |
|
Noyabrın 12-də Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin və mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə ”Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın ilk milli konstitusiyasının yaranmaının 30 illiyi ilə əlaqədar “Milli dövlətçiliyin konstitusion əsaslarının işlənib hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax Rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov və rayonun mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Heydər Əliyev və Konstitusiya” filmi və kitab sərgisi nümayiş etdirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, 30 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyası qəbul edildi. İlk milli Konstitusiya xalqın dövlətçilik iradəsinin suverenliyinin, təcəssümünə çevrilən fundamental hüquqi sənəd oldu. Cəmiyyətin ictimai siyasi institutlarının fəaliyyətini, dövlətin idarəçilik sistemini tənzimlədi. Konstitusiya təkcə müstəqil yaşamaq haqqını təmin etmiş ölkənin dövlətçiliyinin hüquqi bazası deyil, həm də xalqın inkişaf prioritetlərini müəyyənləşdirən, hökumətin fəaliyyətini nizamlayan, insanların cəmiyyətdə və bir-birinə münasibətdə əxlaqi davranışlarını qaydaya salan hüquqi sənəddir. Ölkəmiz də 1991-ci il 18 oktyabrda dövlət müstəqilliyini elan etdi, sonra beynəlxalq birliyin tam üzvü oldu, demokratik cəmiyyətin atributu, xalqın iradəsinin ifadəsi kimi Konstitusiya qəbulunu qarşıya məqsəd qoydu. Yəni bu Konstitusiyanın qəbul edilməsi bir xalqın totalitar rejimdən liberal cəmiyyətə transfer olunmaq istəyərək demokratik cəmiyyət formalaşdırmaq istəyi idi. Müasir demokratik dövlətdə suverenliyin daşıyıcısı xalq olduğu üçün, hakimiyyətin mənbəyi xalq olduğu üçün konstitusiya da xalq tərəfindən qəbul edilir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, bayram münasibətilə təbrik edib və səmimi ürək sözlərini çatdırıb. G.Həsənova bu ilin daha əlamətdar olduğunu, bu ilə həm 2020-ci ilin 27 sentyabrında aşlayan 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərin beş illiyini, həm də ilk Konstitusiyanın qəbul edilməsinin 30 illiyini təntənə ilə qeyd etdiyimizi bildirib. Ən önəmlisi də Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu diqqətə çatdırıb. G.Həsənova geniş məruzə ilə çıxış edərək bildirib ki, 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib; 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Konstitusiyası Gününün ölkəmizdə təntənəli surətdə qeyd edilməsi tapşırılmışdır.
MİHİ Qazax Rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov çıxış edərək bildirib ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Konstitusiya ölkəmizin bütün sahələrinin inkişafının hüquqi əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, məhz əsas qanunumuz olan Konstitusiyanın prinsiplərinə əsaslanır. Bu gün qalib xalqımız Konstitusiyanın qəbulunun 30-cu ildömününü böyük qürur və sevinc hissi ilə qeyd edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması Konstitusiyanın bütün ərazilərimizdə tətbiq olunmasına imkan yaradır.
Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, bu gün Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxardı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Konstitusiya ölkəmizdə demokratik, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradaraq, dövlətin müstəqilliyini və azadlığını təmin etdi. Qazax Rayon Mədəniyyət mərkəzinin metodisti Zülfiyyə Mürsəlova çıxışı zamanı qeyd edib ki, keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etmişdir. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirmiş, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoymuşdur. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Belə ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxış edərək bildirib ki, ötən illərdə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referndumla Konstitusiyaya üçüncü dəfə əlavə dəyişikliklər edilib. Qazax Dövlət Rəsm Qalereyasının bələdçisi Gülnar Abdullayeva çıxış edərək bildirib ki, ölkəmizin bütün ərazilərində Konstitusiya quruluşunun və suverenliyin tam bərpa edilməsi tarixi nailiyyətdir. Möhtəşəm zəfərimiz son 200 illik tariximizin ən parlaq səhifələrini təşkil edir. Bu qələbə tariximizdə əbədi qalacaq və hər zaman qürur mənbəyimiz olacaq. M.P.Vaqif və M.V.Vidadinin Xatirə muzeyinin elmi işçisi Esmira Qəribova çıxış edərək bildirib ki, Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarını qoruyan ali sənəd, dövlətçiliyimizin dayağı, milli birliyimizin təminatıdır. Gənclər kimi biz bu dəyərlərin daşıyıcıları və qurucularıyıq. Ona görə də Konstitusiyamızın prinsipləri azadlıq, bərabərlik, ədalət və insan hüquqlarına hörmət bizim fəaliyyətimizin əsasını təşkil etməlidir.
Geri qayıt |