Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Azərbaycan Zəfərlər ölkəsidir” mövzusunda tədbir keçirilib

Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Azərbaycan Zəfərlər ölkəsidir” mövzusunda tədbir keçirilib


4-11-2025, 21:43


Noyabrın 4-də Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Vətən müharibəsində tarixi Qələbəmizin 5-ci ildönümününə həsr olunmuş “Azərbaycan Zəfərlər ölkəsidir” mövzusunda tədbir keçirilib. Tədbir Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanının ziyarət olunması ilə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən zəfər bayramının daha da əlamətdar olduğunu qeyd edib. A.Nəbiyev möhtəşəm Zəfərin 5-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Rayon təşkilatının sədri bildirib ki, 2025-ci il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində möhtəşəm Qələbəmizin 5-ci ildönümüdür. Beş il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan xalqının mübarizliyi və iradəsi, iqtisadi və hərbi gücü, əsgər və zabitlərimizin fədakarlığı, xalq-iqtidar birliyi, Lider-xalq sevgisi nəticəsində ölkəmizin tarixi qələbəsi təmin edildi. Natiq onu da qeyd edib ki, bu gün də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Qarabağ və Şərqi Zəngəzurda ən müasir infrastruktur layihələr reallaşdırılır, “Böyük Qayıdış” proqramı uğurla icra olunur, uzun illər sonra öz yurd-yuvalarına geri dönən soydaşlarımızın rahat yaşayışı üçün bütün şəraitlər yaradılır. Sonda A.Nəbiyev müstəqil, suveren Azərbaycanın Konstitusiya quruluşunun bütün suveren ərazilərimizdə bərqərar olmasından, üçrəngli bayrağımızın işğaldan azad olunmuş bütün ərazilərdə əzəmətlə dalğalanmasından danışaraq tədbir iştirakçılarını 8 Noyabr - Zəfər Günü münasibətilə bir daha təbrik edib.   

 

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, möhtəşəm Zəfərin 5-ci ildönümü münasibətilə təbrik edərək səmimi ürək sözlərini bölüşüb. M.Alıyev möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman şəhidlərimizin, igid qazilərimizin, cəsur hərbçilərimizin keçdiyi şərəfli döyüş yolundan, misilsiz qəhrəmanlığından ətraflı danışıb. M.Alıyev mövcud Azərbaycan reallıqlarından, Ulu Öndər Heydər Əliyev siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanın zaman-zaman öz hədəflərinə çatmasından geniş bəhs edib və tədbir iştirakçılarına bayram əhval-ruhiyyəsi arzulayıb.


Tədbirdə partiya fəallarından Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir ÇobanovEsmira Şıxməmmədova, Pəri İbrahimova, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazaxın igid oğlu gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev 8 Noyabr - Zəfər  Günü ilə bağlı ətraflı çıxış ediblər.

Partiya veteranı Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm və Kazım Kazımlı möhtəşəm Zəfərə həsr etdikləri şeirlərini səsləndiriblər.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri Zəfər Gününə həsr olunmuş müxtəlif ədəbi-bədii kompazisiya ilə çıxış ediblər.

Tədbirdə YAP Qazax Rayon Təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında xüsusi xidmətlərinə görə bir qrup partiya veteranı YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif edilərək hədiyyələr təqdim olunub.     

YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.



Geri qayıt