Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > "O, bizim Adildi"

"O, bizim Adildi"


Dünən, 12:28


Respublika mətbuatı Qazax haqqında

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş kitab və rəsm sərgisi, eləcə də Vətən müharibəsi şəhidi, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun xatirəsinə həsr edilmiş "O, bizim Adildi" kitabının təqdimatı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə şəhid baş leytenant Xaliddin Nəsibov, tibb xidməti leytenantı Adil Əfəndiyev, gizir Sərxan Abdullayev, gizir Tahir İsmayılov və gizir Elvin Əhmədovun xatirəsinə tikilən bulağın önünə tər qərənfillər düzərək igid Vətən oğullarının əziz xatirəsini ehtiramla yad etmişlər. Sonra 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş rəsm və kitab sərgisinə baxış keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir. Sonra şəhid Adil Əfəndiyevə həsr edilmiş videoçarx nümayiş olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək  8 Noyabr - Zəfər Gününü xalqımıza bəxş edən qəhrəman şəhidlərimizin ata və analarını, əzizlərini, yaxınlarını təbrik edərək demişdir ki, hər bir şəhid bizim üçün əziz və unudulmazdır: "Qalib ölkənin qalib vətəndaşları olaraq 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, bu yolda canlarını fəda edən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə qürur duyuruq. 44 günlük Vətən müharibəsində Adil Əfəndiyev və onun kimi qəhrəman şəhidlərimiz canlarını  fəda etməklə bu torpağı göz bəbəyi kimi qorumağın hər birimiz üçün ən ümdə vəzifə olduğunu nümayiş etdirərək gələcək nəsillərə örnək olmuşlar". 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək şəhidlərimizin ünvanına səmimi ürək sözlərini söyləmişdir: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bizim qürurlanmağa haqqımız var. Çünki biz qalib xalqıq. Bu qalibiyyəti bizə şəhidlərimiz, igidlərimiz, Ali Baş Komandanımız qazandırdı. Bu gün bu qəhrəman oğullarımızın əziz xatirəsini yaşatmaq hər birimizin borcudur. Adil Əfəndiyev haqqında yazılmış bu kitab isə həmin silsilə tədbirlərdən biridir". Sonra Barat Vüsal igid Vətən oğluna həsr etdiyi "Adil bulağı" adlı şeirini söyləmişdir.

Qazax RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək demişdir ki, Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 şəhid Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Rayon üzrə 44 günlük Vətən müharibəsində, 2022-ci ilin sentyabr döyüşləri zamanı və Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçulardan 2 nəfəri "Qarabağ", 8 nəfəri "Azərbaycan Bayrağı", 5 nəfəri 3-cü dərəcəli "Rəşadət", 14 nəfəri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, habelə 58  şəhid müxtəlif adda 226 medalla təltif edilmişlər.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev çıxış edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik etmiş, bu günü xalqımıza bəxş edən müzəffər ordumuza, Ali Baş Komandan İlham Əliyevə minnətdar olduğunu bildirmişdir. 

Tədbirdə şəhid həkim Adil Əfəndiyevin tələbə yoldaşı, "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş, tibb xidməti kapitanı Cəmaləddin Mikayıllı, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid Xəyal Əlizadənin anası Xatirə Xəyal, Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, şəhid Adil Əfəndiyevin bacısı Nərmin Əfəndiyeva, "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi   iştirakçısı" medalları ilə təltif edilmiş, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə Acil şöbəsinin müdir əvəzi Hafiz Kərimov çıxış edərək Adil Əfəndiyevlə bağlı xatirələrini danışmışlar. Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb-liseyin tarix müəllimi Arzu Abbasova da şəhidin məktəb illərindən söz açmış, 25 illik qısa, lakin şərəfli ömür yaşayan Adillə bağlı fikir bildirməyin, xatirə bölüşməyin qürurlu olduğunu qeyd etmişdir. 

Şairə Asimə Hüseyn, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu qəhrəman Vətən oğluna həsr etdikləri şeirləri səsləndirərək xatirəsinə ehtiramlarını bildirmişlər.

Tədbirin sonunda Adil Əfəndiyevin xatirəsinə həsr e

dilmiş "O, bizim Adildi" kitabının müəllifi  Xuraman Yusifqızına Qazax Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı təqdim olunmuşdur.

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri

31 oktyabr 2025-ci il, səhifə 15

https://www.azerbaijan-news.az/az/posts/detail/o-bizim-adildi-1761863341/373590

 





Geri qayıt