Respublika mətbuatı Qazax haqqında
Rayonun idarə, müəssisə və təşkilatlarında Xocalı qurbanlarının xatirəsi anılmış, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında soyqırıma həsr edilmiş rəsm sərgisi təşkil olunmuş, inşa yazı müsabiqəsi keçirilmişdir.
Yaşayış məntəqələrində Azərbaycanın dövlət bayraqları endirilmiş və rayon ərazisində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirlər çərçivəsində Şəhidlər Xiyabanında Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və bura toplaşan rayon ictimaiyyəti nümayəndələri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri qoyaraq Vətən yolunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsini boyük ehtiramla yad etmişlər.
Sonra soyqırımın 26-cı ildönümünə həsr olunmuş "Şəhid şəhər” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Tədbir iştirakçıları Gənclər Mərkəzində Xocalı soyqırımını özündə əks etdirən rəsm sərgisinə baxmışlar.
Şəhər 1 saylı musiqi məktəbinin xor dərnəyinin ifasında dövlət himni səslənmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycan xalqının erməni millətçiləri tərəfindən zaman-zaman etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışmışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, Xocalı soyqırımının tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş, əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılmışdır.
Sonra Xocalı soyqırımını əks etdirən film nümayiş olunmuşdur.
Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
28 fevral 2018-ci il
Geri qayıt
|