Əsas Səhifə > Manşet / Rəsmi > Məcburi köçkünlər minnətdarlıq edirlər

Məcburi köçkünlər minnətdarlıq edirlər


26-02-2018, 20:53
Məcburi köçkünlər minnətdarlıq edirlər
Respublikamızda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi dövlət tərəfindən daim gücləndirilir, onlara göstərilən dövlət qayğısını daha da artırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 fevral 2018-ci il tarixində məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılmışdır.

Ölkə Başçısının müvafiq Sərəncamı rayonumuzda məskunlaşmış 2212 nəfər məcburi köçkünə şamil olunmuşdur. Yuxarı Əskipara kəndindən 389, Aşağı Əskipara kəndindən (Xeyrımlı və Bağanıs Ayrım kəndləri də daxil olmaqla) 1342, Qızıl Hacılı kəndindən 170, Barxudarlı (Sofulu kəndi də daxil olmaqla) kəndindən isə 311 məcburi köçkünün müavinəti 10 faiz artmışdır.

Qazaxda məskunlaşmış bütün məcburi köçkünlər, onların ailə üzvləri bu Sərəncamı imzaladığına görə Respubliika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ saytının əməkdaşları bu gün məcburi köçkünlərin məskunlaşdığı Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə olub, onların fikirlərini öyrənib. Sofulu kəndindən olan məcburi köçkün Abdullayeva Qaratel Nəsib qızı məlum Sərəncamdan minnətdarlıq hissi ilə söz açaraq deyib: ”Mən məcburi köçkün həyatı yaşamağıma baxmayaraq həmişə dövlətimiz tərəfindən diqqət və qayğı görmüşəm. Möhtərəm Prezidentimiz İlham Əliyev biz köçkünləri daima diqqətdə saxlayıb. Bu günlərdə verdiyi Sərəncam isə mənim kimi köçkünlük həyatı yaşayan bütün insanların ürəyincə oldu. Sağ olsun Ölkə Başçısını. Prezidentin müavinət pulunu artırması bayram ərəfəsində bizə sanki Novruz hədiyyəsi oldu”

Aşağı Əskipara kəndindən olan məcburi köçkün Alıyev Hümbət Dursun oğlu da Prezidentin Sərəncamını alqışlayaraq bildirib ki, “İlham Əliyevin müavinət pulunu artırması xəbərini eşidəndə sevincimin həddi-hüdudu olmadı. Fevralın 21-də imzaladığı Sərəncama görə öz adımdan, ailəm adından, bütün məcburi köçkünlər adından Ölkə Başçısına öz dərin minnətdarlığımı bildirirəm”.

Bağanıs Ayrım kəndindən olan məcburi köçkünlərdən Qəfərov Mahmud Qəşəng oğlu və Adıgözəlov Vilayət Səfər oğlu da öz sevinc dolu ürək sözlərini bölüşərək: “Sağ olsun, var olsun Prezidentimizi,- deyiblər.- Yeni qəsəbədə evlə təmin olunmuşuq. Kommunal xərclərdən azadıq. Üstəlik bir neçə gün bundan əvvəl bizim müavinət pulumuzu da artırdı. Bu, onu güstərir ki, Ölkə Başçısı hər bir vətəndaşının qayğısına qalır, əhalinin bütün təbəqələrinin xoş və firavan yaşaması üçün əlindən gələni əsirgəmir”.

Yeni qəsəbədə məskunlaşmış bütün məcburi köçkünlər vahid aylıq müavinətin artırılması haqqında Sərəncam verdiyinə görə Prezident İlham Əliyevə ən səmimi ürək sözlərini söyləyib, minnətdarlıqlarını bildiriblər.

Elçin İSMAYIL

Məcburi köçkünlər minnətdarlıq edirlər
Məcburi köçkünlər minnətdarlıq edirlər
Məcburi köçkünlər minnətdarlıq edirlər

Geri qayıt