Əsas Səhifə > Manşet / Ədəbiyyat > Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illiyi Qazaxda silsilə tədbirlərlə qeyd ediləcək

Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illiyi Qazaxda silsilə tədbirlərlə qeyd ediləcək


8-10-2025, 20:19


2025-ci ilin dekabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi tamam olur.

“Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 4 sentyabr 2025-ci il tarixli Sərəncamı dəyərli ziyalımıza dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilmişdir.

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, doğma Qazax elində də silsilə tədbirlərlə qeyd olunacaqdır.

Oktyabrın 8-də Qazax Rayon İcra Hakimiyyətində Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öncə dəyərli ziyalı, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəcama görə ölkə başçısına Qazax ziyalıları, rayon ictimaiyyəti və öz adından dərin minnətdarlığını bildirib. Sözügedən Sərəncamı Yusif Səmədoğlunun timsalında bütün qazaxlı ziyalılara göstərilən ehtiramın, dərin hörmətin ifadəsi kimi qiymətləndirib. 

Rayon rəhbəri Qərbin qapısı sayılan Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu, Xalq yazıçısının 90 illiyi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də ziyalımızın adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. Nəzərdə tutulmuş tədbirlərin hazırlıq işləri ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.


Geri qayıt