Əsas Səhifə > Manşet / Təhsil > ADU-nun rektoru, akademik Kamal Abdulla “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirdə şagirdlərlə görüşüb
ADU-nun rektoru, akademik Kamal Abdulla “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirdə şagirdlərlə görüşüb3-10-2025, 20:47 |
Oktyabrın 3-də Azərbaycan Dillər Universiteti (ADU) geniş tərkibdə professor-müəllim heyətinin qərb bölgəsinə səfəri çərçivəsində ADU-nun rektoru, akademik Kamal Abdulla Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirdə şagirdlərlə görüşüb. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən bəhs olunub. ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı çıxış edib. Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla şagirdlərə milli irsimiz, ədəbi dünyagörüşü, multikulturalizmlə bağlı düşüncələri aşılayıb. Bildirilib ki, Azərbaycan gəncliyi qalib xalqa layiq şəkildə yetişməli, elmə, biliyə doğru istiqamətlənməli, Vətənini, millətini, Prezidentini daima sevməli və bununla bağlı öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Həmçinin dövlətçiliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması və ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə geniş müzakirələr aparılıb. Görüşdə mövzu ilə bağlı şagird və müəllimlərlə geniş fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb. https://adu.edu.az/az/xeberler/xeberler/11097.html
Geri qayıt |