Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda icra başçısı 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib

Qazaxda icra başçısı 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib


3-10-2025, 17:28


5 oktyabr - təqvimdə bu tarix cəmiyyətin sabahının, gözəl gələcəyinin yaradıcısı olan, gənc nəslə elm, bilik, aydın dünyagörüşü verən, onlara xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi müsbət keyfiyyətləri təlqin edən xeyirxah peşə sahiblərinin günüdür. 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. 

Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik sənəti şərəfli bir sənətdir”, - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşaraq təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılması qayğısına qalmışdır.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil Naziri Emin Əmrullayev başda olmaqla, bütün təhsil işçilərini, müəllimləri təbrik edib, onlara möhkəm cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayıb. İcra başçısı bildirib ki, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirməsi hər kəsə nümunədir. Müəllimliyin şərəfli və çətin peşə olmasından söz açan rayon rəhbəri vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası, dövlətin təhsil sahəsində çalışan insanlara olan qayğısı bu gün ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışan icra başçısı həmin qələbədə təhsil işçilərinin də böyük əməyinin olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının da çıxışlarında vurğuladığı kimi, biz bu qələbəni vətənpərvər gənclərimizin sayəsində əldə etdik. O gənclər ki, onların vətənpərvər ruhda böyümələrində, tərbiyə almalarında validyenlərlə yanaşı, müəllimlərimizin də böyük əməyi var. Xüsusilə də torpaqlarımız işğal olunandan sonra dünyaya göz açan uşaqlarda, gənc və yeniyetmələrdə vətənpərvərlik hissinin formalaşmasında müəllimlərimizin üzərinə böyük məsuliyyət düşürdü ki, onlar bu işin öhdəsindən layiqincə gəldilər. Necə ki, biz 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq. Təhsil sahəsini toxunulmaz bir fond kimi dəyərləndirən rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğısından danışıb. İcra başçısı vurğulayıb ki, son illər milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsi, Heydər Əliyev Fondunun və Fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin artırılmasına dəyərli töhfə verir.


Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov çıxış edərək 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərinə, müəllimlərə səmimi təbriklərini çatdırıb, ötən dərs ilində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən və yeni dərs ilində qarşıya qoyulmuş vəzifələrdən danışıb. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq bu sahənin ildən-ilə inkişaf etdiyini və uğurlu göstəricilərin əldə olunduğunu qeyd edib. 

Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin ingilis dili müəllimi Zəhra İsmayılova çıxış edərək bütün müəllimləri peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. 



Geri qayıt