Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib

Qazaxda təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib


30-09-2025, 22:25


Sentyabrın 30-da Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qazax Rayon Polis Şöbəsinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə”, “Məişət zorakılığına qarşı mübarizə”, “Cinayətkarlığa qarşı mübarizə” mövzularında müşavirə keçirilib.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin akt zalında keçirilən maarifləndirici tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov, BDU Qazax filialının direktoru Arif Rüstəmov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Elşad Quluyev, şəhər və kənd ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və psixoloqları, Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Dini işlər üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun üzvləri, Qazax RİH başçısının şəhər və kənd İƏD üzrə nümayəndəlikləri, ziyalılar, ağsaqqallar, KİV nümayəndələri iştirak ediblər. 



Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. 2025–2026-cı tədris ilində təhsil işçiləri ilə keçirilən müşavirənin əhəmiyyətindən söz açan icra başçısı bugünkü görüşün əsas məqsədinin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə”, “Məişət zorakılığına qarşı mübarizə”, “Cinayətkarlığa qarşı mübarizə” mövzularında maarifləndirici söhbət aparmaq, qarşıda duran vəzifələri müzakirə etmək, səslənən təklifləri dinləmək olduğunu diqqətə çatdırıb. İcra başçısı hər həftə sakinlərlə təşkil edilmiş görüşlərdə erkən nikahın törətdiyi fəsadlardan söz açdığını, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb. Rayon rəhbəri təhsil işçiləri ilə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini söyləyib. Rayon rəhbəri keçirilən bugünkü tədbirin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini, erkən nikahın fəsadlarını, bu sahədə həyata keçirilən mübarizə tədbirlərini təhsil işçilərinin diqqətinə çatdırmaq olduğunu qeyd edib. 


Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan icra başçısı mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Prezident İlham Əliyevin imzaladığı 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nı gənclərin zərərli vərdişlərdən qorunması yolunda atılan uğurlu addım kimi qiymətləndirib. İcra başçısı Respublika Prezidenti İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə görülmüş işlərin davamı kimi dəyərləndirib. Rayon rəhbəri sözügedən Dövlət Proqramının 8.4. (Profilaktika və maarifləndirmə tədbirləri) bəndinin 8.4.6. yarımbəndində ümumitəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında təbliğat işlərinin daha təsirli metodlarla aparılması, rayon və şəhərlərdə uşaq və gənclər arasında maarifləndirmə işinin səmərəli təşkili məqsədilə müxtəlif mövzularda seminar, konfrans, dəyirmi masa və digər tədbirlərin keçirilməsinin, həmçinin idman yarışlarının təşkilinin nəzərdə tutulduğunu qeyd edib. İcra başçısı Dövlət Proqramında maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini söyləyib.


Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehrban xanım Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən dövlət qayğısından söz açan icra başçısı həmin qayğını yeni məktəblərin inşa olunmasından, təmirə ehtiyacı olan məktəb binalarının əsaslı şəkildə yenidən qurulmasından aydın şəkildə gördüyümüzü diqqətə çatdırıb. Bu qayğının müqabilində məktəb kollektivlərinin, şagirdlərin, həmçinin valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. Rayon rəhbəri şagirdlərin dərsə yüksək səviyyədə davamiyyət nümayiş etdirərək onlara göstərilən qayğını doğrultmalı olduqlarını qeyd edib. Məktəb-müəllim-valideyn-şagird münasibətlərinin düzgün qurulmasının əhəmiyyətini qeyd edən icra başçısı bu işdə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bir daha dilə gətirib. Rayon rəhbəri məktəblərdə təhsil alan, çətin tərbiyə olunan, risk qrupunda olan (dərsə davamiyyəti zəif olan, dərs zamanı tədrisə mane olaraq müəllim və şagirdlərin fikrini yayındırmağa çalışan, sosial şəbəkələrdə qeyri-etik mövzularda paylaşımlar edən və s.) şagirdlərin valideynləri ilə mütəmadi olaraq maarifləndirici söhbət aparılmasının vacibliyini qeyd edib. Məktəb direktorlarına, müəllimlərə qeyd edilən məsələlərlə bağlı valideynlərə xəbərdarlıq edilməli olduğunu, onlara yeni tədris ilində övladlarının məktəbdə nizam-intizam qaydalarına riayət etməli olduqlarını, övladlarının dərsə davamiyyətlərinin yüksək səviyyədə davam etdirmələrinə nəzarət etməli olduqlarını bildirib. Əks təqdirdə lazımi addımların atılacağını diqqətə çatdırıb.


Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov çıxış edərək narkomaniyanın və erkən nikahın törətdiyi fəsadlardan söz açıb, bu sahədə dövlət tərəfindən aparılan mübarizə tədbirlərindən danışıb. Narkomanlığın dünyanı narahat edən qlobal problemlərdən olduğunu, cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə, sosial-iqtisadi inkişafa böyük zərbə vurduğunu, insanların sağlamlığına ciddi təhlükə yaratdığını deyən S.Əsədov hər bir Azərbaycan vətəndaşının cəmiyyəti, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün addımlar atmalı olduğunu vurğulayıb. Natiq narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyini, ailə və ətrafın məsələyə məsuliyyətli yanaşmasının zəruriliyini diqqətə çatdırıb. 


“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülmüş işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirdiyini vurğulayıb. Bugünkü tədbirin də həmin görüşlərin davamı olduğunu qeyd edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. Polis rəisi çıxışı zamanı gələcəyimiz olan gənc və yeniyetmələri narkotikdən, zərərli vərdişlərdən uzaq tutmaq üçün hər kəsin səfərbər olmalı olduğunu, bu işdə təkcə hüquq-mühafizə orqanlarının deyil, məktəbdə müəllimlərin, məktəb direktorlarının, psixoloqların, evdə valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Polis rəisi məktəblərdə şagirdlərin soyuq silah kimi kəsici, deşici alətlərdən istifadələrinə xüsusi nəzarət olunmasını, bu haqda məktəblilərin valideynlərinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə məlumat verərək hər hansı bir hadisə baş vermədən onun qarşısının alınmasının vacibliyini qeyd edərək qabaqlayıcı tədbirlərin görülməsini tövsiyə edib. 


Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev çıxışı zamanı qeyd edilən məsələlərin aktual məsələlər olduğunu qeyd edərək sözügedən mövzular ətrafında fikirlərini bölüşüb, müşavirənin əhəmiyyətini diqqətə çatdırıb. R.Əliyev cəmiyyətimizdə yetkinlik yaşına çatmayanlar tərəfindən tez-tez cinayət hadisələrinin törədilməsinə, baş verməsinə rast gəldiyimizi bildirib. Rayon prokuroru birmənalı olaraq 14 yaşa çatmış şəxsin, yeniyetmətinin hər hansı bir hadisəni törədərsə onun ciyanət subyektinə çevrildiyini və cinayət məsuliyyətinə cəlb edildiyini, onlar barəsində həm cəza, həm də tərbiyəvi tədbirlərin görüldüyünü vurğulayıb. Çətin tərbiyə olunan məktəblilərlə bağlı aidiyyəti qurumlara məlumat verilməsini təhsil işçilərinə tövsiyə edib.  


Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yeni tədris ilində keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq gələcəyimiz olan gənclərin bu günü, sabahı və gələcəyinə  hesablanmış maarifləndirici tədbirin təşkilinə görə rayon rəhbərliyinə və Qazax Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirib. Natiq valideyn-müəllim, valideyn-məktəb, müəllim-şagird-valideyn münasibətlərinin formalaşdırılması istiqamətində görülməsi vacib olan tədbirlərdən söz açıb. V.Dadaşov müəllimlərə məktəblərdə şagirdlərə təkcə təhsil verməklə kifayətlənməməyi, eyni zamanda, cəmiyyətimizə milli, mənəvi dəyərlərə sahib bir vətəndaş yetişdirməyi tövsiyə edib.

Keçirilən müşavirədə “Dini radikalizmə qarşı mübarizə”, “Məişət zorakılığına qarşı mübarizə”, “Cinayətkarlığa qarşı mübarizə” mövzularında da söhbət açılıb, fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçılarını, məktəb direktorlarını, ağsaqqalları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.


Geri qayıt