Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda 27 Sentyabr - Anım Günündə qəhrəman Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb

Qazaxda 27 Sentyabr - Anım Günündə qəhrəman Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb


27-09-2025, 13:10


Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfər yürüşümüzün - Vətən müharibəsinin başlamasından 5 il keçir. Məhz 2020-ci ilin payızında, 27 sentyabrında Azərbaycan Ordusunun əsgərindən yüksəkrütbəli zabitinədək hər bir mənsubu öz canı, qanı bahasına 30 ildən sonra təqvimdəki işğal tarixlərini Qələbə günləri ilə əvəz etdi. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Silahlı Qüvvələrimizin peşəkarlığının, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. 

Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, peşəkar komando bölmələri yaradılırdı. Xalqımız şanlı Qələbənin davamını, Qarabağda separatçı rejimin və qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğuna son qoyulmasını gözləyir və buna inanırdı. Nəhayət, həmin tarixi an yetişdi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutkadan az müddət ərzində düşmən aldığı ağır zərbələrdən sonra silahı yerə qoymağa və Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etməyə məcbur oldu. Bununla da, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi. Vətən müharibəsində qazanılan Qələbədən sonra Qarabağda və Şərqi Zəngəzurda böyük abadlıq və quruculuq işləri başlandı. İşğaldan azad edilən torpaqlarımız ev-ev, küçə-küçə, məhəllə-məhəllə yenidən bərpa olunur. Dövlətimizin başçısının sərəncamlarına əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Həmçinin 26 Avqust – Laçın Şəhəri Günü, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr – Füzuli Şəhəri Günü, 20 Oktyabr – Zəngilan Şəhəri Günü, 25 Oktyabr – Qubadlı Şəhəri Günü, 8 Noyabr – Şuşa Şəhəri Günü, 20 Noyabr – Ağdam Şəhəri Günü, 25 Noyabr – Kəlbəcər Şəhəri Günüdür. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. 

Qədirbilən Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini, cəsarətini və fədakarlığını yüksək qiymətləndirir, müqəddəs amal uğrunda gözünü belə qırpmadan canından keçən şəhidlərimizin əziz xatirəsini uca tutur.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

Bəli, bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.

Artıq 5 ildir ki, 27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində, eləcə də ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunur.

Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilib, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad ediblər.

27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da anım tədbiri keçirilib. 

Anım tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və əlilləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında keçirilən anım tədbirində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri yad edilib. 

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.  

Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.     

Bakı vaxtilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.



Geri qayıt