Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda YAY FEST və “Şanlı Vətən Oğulları” kitabının təqdimat mərasimi keçirilib

Qazaxda YAY FEST və “Şanlı Vətən Oğulları” kitabının təqdimat mərasimi keçirilib


Dünən, 23:25


Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunub. 

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.

Sentyabrın 18-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlət gənclər siyasətinin təşviqi, vətənpərvərlik ruhunun gücləndirilməsi və yaradıcı gəncliyin formalaşdırılması məqsədilə Qazaxda YAY FEST və Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın şəhidlərə həsr etdiyi sayca üçüncü kitabı - “Şanlı Vətən Oğulları” kitabının təqdimat mərasimi keçirilib.


Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş tədbiri açıq elan edərək iştirakçıları və şəhid ailələrini salamlayıb, səmimi ürək sözlərini çatdırıblar. Aparıcılar qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız şanlı və möhtəşəm Qələbə nəinki müstəqillik dövrünün, hətta çoxəsrlik dövlətçilik tariximizin ən əlamətdar hadisəsi və zirvə məqamıdır. Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusun məhv edərək, öz ərazi bütövlüyünü bərpa etdi... Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”. Aparıcılar bu qalibiyyət üçün bizim suverenliyimizin müəllifi olan şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirərək həmin qəhrəmanların bizim qəlbimizdə, ruhumuzda, yazılan əsərlərdə, musiqilərdə, kitablarda ölməzlik qazandıqlarını vurğulayıblar.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və şəhid ailələrini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi, digər Sərəncamla 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. Rayon rəhbəri qeyd edib ki, bir dövlətin müstəqilliyi və onun suverenliyi əsas məsələlərdən biridir. Ölkə prezidentinin qeyd etdiyi kimi, “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bizim üçün ən ali dəyərdir. Biz bu prinsipləri hər zaman qoruyacaq və müdafiə edəcəyik”. Bu gün müasir müstəqil, qalib Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından bəhs edirik. Bu günümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə Azərbaycanın uğurlarına görə kimə borclu olduğumuzu daha aydın şəkildə görür, bunu indiki və gələcək nəsillərə çatdırmağı qarşımıza əsas vəzifə kimi qoyuruq. İcra başçısı vurğulayıb ki, 9 il bundan öncə həyata keçirilən dörd günlük hərbi əməliyyat, yəni Aprel döyüşləri Ordumuz üçün böyük əhəmiyyətə malik oldu. Zəfərə doğru atılan ilkin addım kimi bu əməliyyat hərbi və siyasi üstünlüyü müəyyən etməklə yanaşı, düşmənin zəif tərəflərini də bizə göstərdi. Aprel döyüşləri 2020-ci il 44 günlük Vətən müharibəsində qazandığımız uğurlarda böyük paya malikdir. Bu müharibə Azərbaycanın həm hərbi, həm də diplomatik cəhətdən gücünü dünyaya nümayiş etdirdi. İşğal altındakı ərazilərinin bir hissəsini azad edən Azərbaycan digər ərazilərindən - Kəlbəcər, Ağdam və Laçın rayonlarından erməni qoşunlarının çıxarılmasını təmin etdi. Bununla da Azərbaycan 30 ildən sonra ərazi bütövlüyünün bərpasına nail oldu. Ali Baş Komandan İlham Əliyev dünyaya münaqişənin bitdiyini, Azərbaycanın sülh tərəfdarı olduğunu dəfələrlə, israrla bəyan etsə də, 2022-ci ilin sentyabrında Ermənistan sözün əsl mənasında növbəti hərbi cinayətə əl atdı. Atəşkəsi pozan, mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutan düşmən sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında genişmiqyaslı təxribat törətdi. Əlbəttə ki, ordumuzun gücü sayəsində düşmən məhv edildi. Lakin öz əməllərindən əl çəkməyən erməni silahlı qüvvələri 2023-cü ilin sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi, erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Həqiqət budur ki, bu döyüşlərin hər birində qəhrəman oğullarımızın, şəhidlərimizin qanla yazılmış imzası var. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Məhz bu gün təqdimatını həyata keçirdiyimiz “Şanlı vətən oğulları” kitabı da onların ruhuna, xatirəsinə ehtiram əlamətidir. Onları tarixin yaddaşına yazmaq, əbədiyyətə qovuşdurmaqdır. Bəli, biz qürurla deyə bilirik ki, bu gün Azərbaycan Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında tarixində ən güclü dövrlərindən birini yaşayır. Dövlətimiz siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə edir və etməkdədir. “Tədbirimizdə gənclər çoxluq təşkil etdiyinə görə üzümü sizlərə tutub deyirəm, istər 44 günlük Vətən müharibəsində, istərsə də antiterror tədbirləri zamanı ölümün gözünə qorxmadan dik baxaraq canlarını qurban verənlərin əksəriyyəti gənclərimiz idi. Həmin qəhrəmanlardan ən gənci Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış “Azərbaycan bayrağı” ordenli, 6 medallı Sakit Allahverdiyev və antiterror tədbirləri zamanı şəhadətə ucalmış 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli, “Vətən uğrunda” medallı Akşin Nəsibov idi. Əziz gənclər sizlər də həmin qəhrəmanlar kimi Vətənimizi sevməli, şəhidlərimizdən bizə əmanət olan suverenliyimizi, ərazi bütövlüyümüzü, müstəqilliyimizi, dilimizi, milli mənəviyyatımızı, adət-ənənələrimizi göz bəbəyi kimi qorumalısınız. Çünki dövlətimizin, ölkə başçısının sizlərə xüsusi diqqət və qayğısı var. Azəraycanın müstəqilliyi daimidir, əbədidir və sarsılmazdır”, - deyən icra başçısı bugünkü tədbirin də məhz bu məqsədə, amala xidmət etdiyini bildirib.


Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini səsləndirib. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu qeyd edən natiq əvvəlki əlamətdar illərdə olduğu kimi, bu ilin də yüksək səviyyədə qeyd olunduğunu, ilə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini qeyd edib. A.Nəbiyev tarixi sınaqlardan hər zaman alnıaçıq, üzüağ çıxmış Azərbaycan xalqının bu gün müstəqil, suveren ölkənin vətəndaşları olaraq qürurla yaşadıqlarını və qalib dövlətə sahib olduqlarını vurğulayıb. Müzəffər Ali Baş Komandanın müdrik siyasəti, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına xalqımızın milli sərvəti olan suverenliyimizin bərpa olunduğunu, bütün ərazilərdə Konstitusiya qurluşunun bərqərar olunduğunu diqqətə çatdırıb. A.Nəbiyev bu il xalq olaraq Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini, 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyini təntənə ilə qeyd edəcəyimizi söyləyib. Bu baxımdan 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmasının mühüm əhəmiyyət daşıdığını söyləyib. A.Nəbiyev bildirib ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.


Kitabın müəllifi, Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl çıxış edərək Qazaxda şəhid ailələrinə göstərilən qayğının hər zaman yüksək səviyyədə olduğunu qeyd edib. Müəllif əvvəlki kitablar kimi “Şanlı Vətən Oğulları” kitabının da şəhidlərimizin adlarına layiq şəkildə çap olunduğunu vurğulayıb. “Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən, bizlərə Qələbə sevincini qanları hesabına bəxş edən hər bir şəhidimiz mənim kiçik qardaşım, öz oğlumdur”, - deyən E.İsmayıl şəhidlərimiz haqqında kitab yazmağın onun üçün şərəfli iş olduğunu söyləyib. Çətin və şərəfli işi ona həvalə etdiyinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Kitabın necə ərsəyə gəlməsindən söz açan müəllif kitabda təkcə şəhidlərimizin tərcümeyi-hallarının deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazıldığını bildirib. E.İsmayıl 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabının 2021-ci ildə nəşr olunduğunu bildirib. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” və bu gün təqdimatı olan “Şanlı Vətən Oğulları” kitablarının bu silsilənin davamı olduğunu söyləyib. Müəllif rayon rəhbərliyinin təşəbbüsü əsasında şəhidlərə həsr etdiyi “Şanlı Vətən Oğulları” kitabı haqqında ətraflı məlumat verib. Ön söz müəllifi dəyərli ziyalımız, millət vəkili Səməd Seyidovun olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazının yaradıldığını qeyd edib. Müəllif yeni kitabın 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edildiyini vurğulayıb. Müəllif qeyd edib ki, kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. Vurğulayıb ki, “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bbilənlər” kitablarında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınmış, döyüş meydanlarında göstərdikləri igidliklər, Vətən müharibəsindən ötən 5 il ərzində şəhidlərimizin ailələrində baş vermiş yeniliklər, hadisələr geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. Müəllif kitabın ərsəyə gəlməsi üçün hər bir şəhid ailəsinin evində olduğunu, igid Vətən oğullarının həyat və döyüş yolunu, onlarla bağlı xatirələri ailələrinin dilindən dinlədiyini, hər bir xatirəni ürək yanğısı ilə qələmə aldığını söyləyib. 

Tədbirdə kitabın müəllifi, Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıla şəhid ailələrinə göstərdiyi qayğıya və şəhidlərimizə həsr olunmuş kitabların yazılmasına görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.

Çıxışlardan sonra tədbirin bədii hissəsinə start verilib. Qazaxdan, Ağstafadan, Tovuzdan, Şəmkirdən olan incəsənət nümayəndələri bir-birindən rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Gənc müğənni Nəsimi Kamaloğlu “Bura Vətəndir”, nağara qrupu “Azərbaycan ritmləri”, müğənni Sevda Qafarova “Azərbaycan”, Aşıq Yaşar Gülümcanov “Azərbaycan”, saksafonda Babək İsmayılzadə “Bella Chao”, müğənni  Vüsalə Quliyeva “Yaşa mənim xalqım”, müğənni Vüqar Vəliyev “Ey Vətən”, müğənni Zəmanə Dərviş “Qələbən mübarək Azərbaycan”, qara zurnada Nadir Hüseynov “El havası”, Tovuz rəqs qrupu “Azərbaycanım” kompozisiyası, Aşıq Samir Cəlaloğlu “Qazaxdanam mən”, müğənnilər Zəmanə Dərviş və Nəsimi Kamaloğlu “Azərbaycan” mahnıları ilə tədbirə xoş ovqat bəxş ediblər. Çıxışlar alqışlarla qarşılanıb.


Geri qayıt