Əsas Səhifə > Manşet / Təhsil > BDU-nun Qazax filialında Bilik Günü və 2025-2026-cı tədris ilinin başlanması münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Bilik Günü və 2025-2026-cı tədris ilinin başlanması münasibətilə tədbir keçirilib


Bu gün, 18:30


Respublika Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Bu gündən Azərbaycanda 2025–2026-cı tədris ilinə start verilir. Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi layihələr nəticəsində son illər Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla icra edilir.

Sentyabrın 15-də Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 15 Sentyabr - Bilik Günü və 2025-2026-cı tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmovfilialın professor-müəllim heyəti, tələbələr, valideynlər iştirak edib.

Bilik Gününə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start götürüb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Tədbirin aparıcısı, filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi Tərlan Aslanlı tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, tələbələri ələmatdar gün münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. 

 

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Yeni tədris ilini uğurla başa vurmağı, yeni-yeni nailiyyətlər qazanmağı diləyib. Bu il filialı seçərək ali təhsil alacaq I kurs tələbələrinə yeni qədəm qoyduqları tələbəlik illərində uğurlar arzulayıb. “Təhsil hər bir millətin, dövlətin ictimai həyatında mühüm əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, təhsil hər bir millətin gələcəyidir”, - qeyd edən A.Rüstəmov Azərbaycan təhsil sisteminin gündən-günə uğurla inkişaf etdiyini bildirib. Dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan A.Rüstəmov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirdikləri milli dövlətçilik strategiyası və onun ayrılmaz tərkib hissəsi olan təhsil konsepsiyasının məqsədinin Azərbaycan Respublikası üçün milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksəkixtisaslı mütəxəssis vətəndaş hazırlamaqdan ibarət olduğunu qeyd edib. Mövcud konsepsiyanın reallaşması üçün ali təhsil müəssisələri tərəfindən kifayət qədər uğurlu addımlar atıldığını bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlaması bu söylədiklərimizin əyani sübutudur. Təhsilin inkişafında ölkənin ən nüfuzlu universiteti olan Bakı Dövlət Universitetinin, eləcə də həmin universitetin Qazax filialının regional ali təhsil müəssisəsi kimi oynadığı rolu və filialda olan şəffaf fəaliyyəti tədbir iştirakçılarının diqqətinə çatdıran filial direktoru bu amilin bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə olan diqqət və qayğısını bir ziyalı olaraq yüksək qiymətləndirib və ziyalılar adından öz dərin minnətdarlığını bildirib. Rayon rəhbərinin universitetə hər zaman dəstək olduğunu qeyd edən filial direktoru bu diqqət və qayğıya, səmimi münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından təşəkkürünü çatdırıb. Bu gün Bilik Günü münasibətilə keçirilən tədbirdə iştirak etməsini, tələbələrin arasında olmasını, onlara səmimi təbriklərini çatdırmasını gənclərə verdiyi dəyər kimi qiymətləndirib. A.Rüstəmov qeyd edib ki, Bakı Dövlət Universitetinin Qazax filialına 2025-2026-cı tədris ili üçün 14 ixtisas üzrə (bu ixtisaslardan həm də 4 qiyabi olmaqla)  bakalavriat səviyyəsi üzrə 390 plan yeri ayrılmışdır. Qəbulun yekunlarına görə 46 rayon üzrə 360 nəfər (92,31%) qəbul olmuşdur. Bunlardan 100-200 bal 90 nəfər qabiliyyət imtahanı üzrə, 200-300 bal 36 nəfər, 300-400 bal 217 nəfər, 400-500 bal 15 nəfər, 500-600 bal 2 nəfərdir. Hazırda filialda əyani şöbə üzrə 1697, qiyabi şöbə üzrə 193 (cəmi 1890 tələbə) təhsil alır. 9 nəfər tələbə digər universitetlərdən Qazaxa yerdəyişmə etmişdir. “Bu gün əminliklə deyə bilərəm ki, BDU-nun Qazax filialında biz şəffaf mühit formalaşdırmışıq. Filialda heç bir tələbənin haqqı tapdana bilməz. Bizdə tələbələri bir-birindən fərqləndirən yalnız onların elmi biliyi, bacarığıdır. Bunu yuxarı kurslarda təhsil alan tələbələrimiz yaxşı bilir”, - deyən A.Rüstəmov I kurs tələbələrinə qarşıda keçən zamanlarda onların da bunun əyani şahidi olacaqlarını söyləyib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə tələbələri, onların valideynlərini, müəllimləri səmimi qəlbdən təbrik edib, I kursa daxil olan tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar qazanmağı arzulayıb. Qərbin qapısı sayılan Qazaxda yerləşən BDU-nun Qazax filialını seçən tələbələrə razılığını ifadə edən rayon rəhbəri onların ötən müddət ərzində bu filialda hər zaman diqqət və qayğı ilə əhatə olunacaqlarını, şəffaf mühitdə təhsil alacaqlarını söyləyib. İcra başçısı builki Bilik Gününün daha əlamətdar olduğunu, tələbələrin bu il Bilik Gününü Konstitusiya və Suverenlik İli”ndə qeyd etdiklərini, həmçinin, artıq Xankəndidə Qarabağ Universitetinin açıldığını, işğaldan azad olunmuş doğma Xankəndidə zəngin çalındığını söyləyib. Bu qürurverici anlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri bildirib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Rayon rəhbəri çıxışında son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımların atılmasında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da danılmaz xidmətləri olduğunu bildirib. 

Filialın Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova çıxış edərək öz növbəsində tələbələri, onların valideynlərini təbrik edib, xoş arzularını səsləndirib. İ.Arıxova tələbələrə təhsil alacaqları ötən 4 il ərzində böyük uğurlar, nailiyyətlər, müvəffəqiyyətlər qazanmağı arzulayıb. Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” kəlamını səsləndirən İ.Arıxova aldıqları yüksək təhsillə ölkəmizi layiqincə təmsil etməyi, yüksəkixtisaslı kadrlar kimi dövlətə, xalqa layiqincə xidmət etmələrini diləyib. 


Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının IV kurs tələbəsi, filialın Tələbə Həmkarlar Təşkilatının sədri Qılınc Cəfərov çıxış edərək tələbə adını qazanaraq filiala daxil olmuş birinci kurs tələbələrini təbrik edib, ünvanlarına xoş arzularını səsləndirib. Gənc tələbələrə yaxşı oxuyaraq, uğurlu nailiyyət göstərərək hər zaman filialın adını uca tutmalarını tövsiyə edib və bu yolda uğurlar arzulayıb. 


BDU-nun Qazax filialının Riyaziyyat və informatika müəllimliyi ixtisasına 542 balla daxil olmuş I kurs tələbəsi Xəlilova Qönçə Aqil qızı çıxış edərək tələbələri, onların valideynlərini təbrik edib, səmimi ürək sözlərini çatdırıb. “Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Sevinirəm ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanında yüksək bal toplamışam. Bununla da ailə üzvlərimin, valideynlərimin, müəllimlərimin mənə olan etimadını doğrultmuşam. Bir tələbə kimi fəxr edirəm ki, ölkənin ən nüfuzlu ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Qazax filialına daxil olmuşam. Əldə etdiyim uğura görə mənə dərs deyən müəllimlərimə, valideynlərimə və əziyyəti keçən hər kəsə minnətdarlığımı bildirirəm. Qəbul imtahanlarında 542 bal topladıqdan sonra heç düşünmədən BDU-nun Qazax filialını seçdim. Bu da səbəbsiz deyildir. Çünki illərdir bu filialdan yalnız xoş sədalar eşidirdim. Mən qarşıma məqsəd qoymuşdum ki, qəbul olsam BDU-nun Qazax filialını seçim. Bu məqsədimə də çatdığım üçün çox şanslıyam. Sizi əmin edirəm ki, əldə etdiyim uğuru daha da yüksəldərək filialın adını daim uca tutacağam. Nümunəvi tələbə olaraq Vətənimizə layiqli vətəndaş kimi formalaşmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə gənc tələbə fikirlərini ifadə edib. 

BDU-nun Qazax filialının Riyaziyyat və informatika müəllimliyi ixtisasına 360 balla daxil olmuş I kurs tələbəsi Aytac Quluyevanın valideyni Aqil Quluyev çıxış edərək övladı başda olmaqla bütün tələbələri təbrik edib, səmimi arzularını çatdırıb. “Ailəmizin və qızımın BDU-nun Qazax filialını seçməkdə məqsədimiz filialda olan şəffaflıq, tələbələrə göstərilən yüksək diqqət və qayğı, onlar üçün yaradılan şərait, dərslərin yüksək səviyyədə keçirilməsi, burada olan nizam-intizamdır”, - deyə valideyn fikirlərini ifadə edib.

Tədbirdə filiala ən yüksək balla qəbul olmuş tələbələrə hədiyyələr təqdim olunub. 

Sonra icra başçısı I kursda təhsil alacaq tələbələrin valideynləri ilə görüşüb, onlarla filialda olan nizam-intizam, şəffaf mühit, filialın kollektivi tərəfindən tələbələrə göstərilən qayğı barədə fikirlərini bölüşüb, övladlarının əmin əllərdə olduqlarını qeyd edib. Rayon rəhbərliyi olaraq da hər zaman tələbələrimizə qayğı göstərdiyini və bundan sonra da həmin qayğının davam etdiriləcəyini vurğulayıb. Valideynlər də öz növbələrində rayon rəhbərliyinə, filialın kollektivinə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşün övladlarının Qazaxda tam təhlükəsiz, qayğısız, yüksək səviyyədə təhsil almalarına onlarda əminlik hissi yaratdığını vurğulayıblar.


Geri qayıt