Əsas Səhifə > Manşet / Gənclər > İcra başçısı Qazaxda səfərdə olan “Gənc alimlərin yay düşərgəsi”nin iştirakçıları ilə görüşüb
İcra başçısı Qazaxda səfərdə olan “Gənc alimlərin yay düşərgəsi”nin iştirakçıları ilə görüşüb22-08-2025, 23:25 |
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Elmlər Akademiyasında Gənc alim və mütəxəssi slər şurasının birgə təşkilatçılığı ilə 21-26 avqust 2025-ci il tarixlərində Qazax Olimpiya İdman Kompleksində gənc alim və tədqiqatçıların iştirakı ilə “Gənc alimlərin yay düşərgəsi” keçiriləcəkdir. Düşərgənin keçirilməsində məqsəd 2025-ci il “Konstitusiya və Suverenlik İli” çəçivəsində magistr, gənc alim və tədqiqatçıları bir araya gətirərək onların ideoloji hazırlığının yüksəldilməsi, əlaqələrin genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması və yeni biliklərin əldə edilməsidir. “Gənc alimlərin yay düşərgəsi”nə 90 nəfər magistr, gənc alim və tədqiqatçı qatılıb. Avqustun 22-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qazaxda səfərdə olan düşərgə iştirakçılarının rayonun görməli yerlərinə ekskursiyası təşkil olunub. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın, Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində böyük məsləhətçi Məhəmməd Xəlillinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində İnnovativ inkişaf sektorunun müdiri Kənan Kərimovun, Milli Elmlər Akademiyasında Gənc alim və mütəxəssislər şurasının sədri Elmir Babayevin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyevin, rəis müavini Elçin Cəfərovun, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimovanın və şura üzvlərinin iştirakı ilə təşkil olunmuş ekskursiya zamanı düşərgə iştirakçıları Qazax rayonunun gəzməli, görməli yerlərində olublar. Ekskursiya zamanı düşərgə iştirakçılarına "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı və Göyəzən filialları, Xalq şairi Səməd Vurğunun Poeziya evi, Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyinin önündə Molla Pənah Vaqifin abidəsi, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi, Qazax Rayon Heydər Əliyev Mərkəzi və parkı, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Qazax Ədəbiyyat Muzeyi, Fəxri Qazaxlılar parkı, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər Xiyabanı, Qazax Cümə Məscidi, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi haqqında dolğun, əhatəli məlumatlar verilib. Avqustun 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da icra aparatının məsul işçiləri ilə birlikdə Qazax Olimpiya İdman Kompleksinə gələrək düşərgə iştirakçıları ilə görüşüb. Gənclərlə keçirilən görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək Qazaxda səfərdə olan düşərgə iştirakçılarını, gənc alimləri salamlayıb, onların ünvanına səmimi ürək sözlərini səsləndirib. “Gənc alimlər bizim gələcəyimizdir, düşünən beynimizdir, ziyalılarımızdır, sabahımızdır”, - deyən natiq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” çəçivəsində 21-26 avqust 2025-ci il tarixlərində Qazaxda magistr, gənc alim və tədqiqatçıların iştirakı ilə təşkil olunmuş “Gənc alimlərin yay düşərgəsi”nin əhəmiyyətindən söz açıb. Ə.Məsmalıyev buna görə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, nazirliyin əməkdaşlarına və əməyi, əziyyəti olan insanlara minnətdarlıq edib. Hər zaman olduğu kimi, budəfəki düşərgənin də Qazax rayonunda yüksək səviyyədə təşkil olunmasında, ilk dəfə olaraq Qazaxa səfər edən gənc alimlər üçün rayonun gəzməli, görməli yerlərinə ekskursiyanın təşkil edilməsində göstərdiyi dəstəyə və gənc alimlərə olan səmimi münasibətə, xüsusilə də onlarla olan bugünkü görüşə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Ə.Məsmalıyev istər ekskursiyanın təşkil olunmasını, istərsə də gənc alimlərlə olan bugünkü görüşü rayonda gənclərə, elmli, bilikli gənc kadrlara olan qayğının, dövlət gənclər siyasətinin uğurla icra olunmasının bariz nümunəsi kimi qiymətləndirib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində İnnovativ inkişaf sektorunun müdiri Kənan Kərimov çıxış edərək Gənclər və İdman naziri Fərid Qayıbovun adından rayon rəhbərliyini və düşərgə iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb, onlara göstərilən qonaqpərvərliyə və gərgin iş qrafikindən vaxt tapıb onlarla görüşə gəldiyinə, eləcə də düşərgənin yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə rayon rəhbərliyinə razılığını ifadə edib. K.Kərimov Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bu il çərçivəsində bir sıra tədbirlər keçirildiyini, layihələr icra edildiyini, düşərgələr təşkil olunduğunu bildirib. Natiq vurğulayıb ki, “Gənc alimlərin yay düşərgəsi”nin keçirilməsində əsas məqsəd 2025-ci il “Konstitusiya və Suverenlik İli” çəçivəsində magistr, gənc alim və tədqiqatçıları bir araya gətirərək onların ideoloji hazırlığının yüksəldilməsi, əlaqələrin genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması və yeni biliklərin əldə edilməsidir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi olaraq ölkənin müxtəlif bölgələrindən olan, müxtəlif ali təhsil müəssisələrində çalışan, eləcə də təhsil alan gənc alimləri bir araya toplamaq və 2025-ci il “Konstitusiya və Suverenlik İli”ndə birlik, həmrəylik nümayiş etdirərək öz töhfəmizi verməkdir. Natiq Qazaxa səfər edən gənclərin buradan xoş təəssüratlarla, dolğun məlumatlarla ayrılacağını qeyd edib. O, düşərgə iştirakçıları üçün Qazax rayonunun görməli yerlərinə, muzeylərinə, tarixi abidələrinə təşkil olunmuş ekskursiyanın əhəmiyyətindən söz açıb. Ekskursiya zamanı 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinin, Şəhidlər xiyabanının ziyarət olunmasının heç də təsadüfi olmadığını, azərbaycanlı gənc alimlərin də şəhidlərimizi heç zaman unutmadıqlarını söyləyib, xüsusilə də gənclərin, özlərindən sonra yetişən gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında Gənclər və İdman Nazirliyi olaraq bu cür düşərgələrin təşkil olunduğunu diqqətə çatdırıb. Milli Elmlər Akademiyasında Gənc alim və mütəxəssislər şurasının sədri Elmir Babayev çıxış edərək gəncləri salamlayıb, ürək sözlərini bölüşüb. Natiq öz növbəsində onlara göstərilən qonaqpərvərliyə və bu gün görüşə gəldiyinə, eləcə də düşərgənin yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. E.Babayev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Elmlər Akademiyasında Gənc alim və mütəxəssislər şurasının birgə layihəsi olan düşərgənin əhəmiyyətindən söz açaraq bu düşərgənin həyatını, ömrünü elmə, biliyə həsr etmiş gənc alimlərə dövlətin növbəti töhfəsi, göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib. “Bu il əlamətdar bir ildir. Bu il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd olunacaq. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətimizin tarixi keçmişimizə, dövlətimizin Əsas Qanunu olan Konstitusiyamıza verdiyi dəyərin göstəricisidir. 30 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiya və 5-ci ildönümünü qeyd etdiyimiz 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsindəki tarixi Zəfərimizin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyəti olan bu il dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyimizin daha da gücləndirilməsi məqsədi daşıyır” – deyən natiq qalib xalqın qalib övladları olaraq bundan sonra da gənc alimlərin elmlə, biliklə, savadla ölkəmizin inkişafı naminə töhfə verəcəklərini vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları və gənc alimləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. “Hər zaman çalışıram ki, rayonumuza səfər edən, düşərgədə iştirak edən gənclərlə görüşüm. Bu gün də özümə borc bildim ki, gəlib sizlərlə, gənc alimlərimizlə görüşüm”, - deyən icra başçısı Qərbin qapısı sayılan Qazaxda qonaq olan gənclərlə görüşməkdən məmnun olduğunu bildirib. İcra başçısı gənc alimlərə rayonun tarixi, keçmişi, bu günü, tarixi şəxsiyyətləri, sosial-iqtisadi göstəriciləri, kənd təsərrüfatı, istehsal və sənaye müəssisələri haqqında dolğun və əhatəli məlumat verib. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində əldə edilən nailiyyətlərdən, qazanılan uğurlardan söz açıb. “Siz gənclər xoşbəxtsiniz ki, dövlətimiz tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gələcəyimiz olan siz gənclərə, alimlərə daim diqqət və qayğı göstərilir. Siz gənclər müstəqil Azərbaycanın gənclərisiniz. Siz gənc alimlərin parlaq gələcəyi olan gənclər kimi yetişməyiniz üçün dövlət olaraq bütün imkanlardan istifadə olunur”, - deyən rayon rəhbəri təşkil olunmuş düşərgələri həmin qayğının davamı kimi qiymətləndirib. İcra başçısı gənclərin onlara göstərilən qayğını hər zaman öz bilikləri, savadları, vətənpərvərlikləri, qazandıqları nailiyyətlərlə doğrultduqlarını bildirib. Bunun 44 günlük Vətən müharibəsində də şahidi olduğumuzu, gənclərimizin haqq savaşında əsl qəhrəmanlıq tarixi yazdıqlarını dilə gətirib. “Dəyərli gənc alimlərimiz müstəqil Azərbaycanımızın gələcəyi sizlərin əlindədir. Biz xalq olaraq sizin kimi savadlı, bilikli, gənclərimizlə, alimlərimizlə fəxr edirik”, - deyən icra başçısı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qərbin qapısı sayılan Qazaxda gənclər düşərgəsinin təşkil olunmasına görə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, nazirliyin, Milli Elmlər Akademiyasında Gənc alim və mütəxəssislər şurasının əməkdaşlarına, əməyi keçən insanlara minnətdarlığını bildirib. Səmimi söhbət əsasında keçən görüşdə icra başçısı gənc alimlərin fikirlərini, təkliflərini, ürək sözlərini dinləyib, suallarını cavablandırıb. Gənc alimlər özləri, eləcə də təmsil etdikləri bölgələr, təhsil aldıqları və ya çalışdıqları Universitetlər haqqında məlumat verərək bugünkü görüşün yaddaşlarına ən ülvi duyğularla yazıldığını bildiriblər. Təşkil olunmuş düşərgə, Qazax rayonu barədə təəssüratlarını bölüşən gənc alimlər onlara göstərilən qonaqpərvərliyə, rayonla yaxından tanış olmaq üçün təşkil edilən ekskursiyaya və bu gün vaxt tapıb onlarla görüşə gəldiyinə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, gənclər, gənc alimlər olaraq bu qayğını bütün sahələrdə hiss etdiklərini söyləyiblər. Düşərgənin onların həyatında dərin izlər buraxdığını, onlara yeni dostlar qazandırdığını, yaradıcı gənclər, alimlər olaraq bilik və bacarıqlarının artmasında, xüsusilə də əlamətdar bir ildə birliyin, həmrəyliyin nümayiş etdirilməsində böyük töhfə olduğunu vurğulayıblar. Onlara yaradılan bu gözəl imkana görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Gənclər və İdman naziri Fərid Qayıbova, nazirliyin və Milli Elmlər Akademiyasında Gənc alim və mütəxəssislər şurasının əməkdaşlarına, düşərgənin təşkilində əməyi olan insanlara minnətdarlıqlarını bildiriblər. Düşərgənin yüksək səviyyədə təşkil edilməsində onlara yaradılan şəraitə görə Qazax Olimpiya İdman Kompleksinin rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Gənc alimlərlə olan görüşdə iştirak edən Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov, filialda İctimai və təbiət fənləri kafedrasında baş müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov da rayonumuzda qonaq olan gənc alimləri salamlayıb, ünvanlarına səmimi ürək sözlərini bölüşüblər. Gənc alimlərə tövsiyələr edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gənc alimlərlə olan görüşə yekun vuraraq bir daha onların ünvanına xoş sözlərini çatdırıb, Azərbaycanın adına layiq gənclər, azərbaycanlı gənc alimlər olaraq bütün dünyada ölkəmizi layiqincə təmsil etmələrini tövsiyə edib, bu yolda onlara uğurlar arzulayıb. Sonda gənc alimlərlə xatirə şəkilləri çəkdirib.
Geri qayıt |