Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qalib idmançıların uğurları
Qalib idmançıların uğurları7-08-2025, 08:56 |
Respublika mətbuatı Qazax haqqında İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan milli komandası 15 idmançı ilə təmsil olunub. Milli komandanın 8 idmançısı Qazax rayon Uşaq Gənclər İdman Məktəbinin yetirmələri, "Göyəzən" Ağır Atletika Klubunun idmançılarıdır. Musab Məmmədtağıyev (56 kq) U-15 kateqoriyasında birdən qaldırmada 93 kq nəticə ilə qızıl, təkanla qaldırmada 109 kq ilə gümüş medal, iki hərəkətin cəmində isə 202 kq nəticə ilə ikinci qızıl medalı qazanaraq Avropa çempionu olub. İdmançımız Lətif Əliyev (71 kq) birdən qaldırmada 108 kq ilə qızıl medal, toplam 237 kq nəticə ilə gümüş medal qazanıb. Muhəmmədəli Məmmədzadə isə (88 kq) birdən qaldırmada 122 kq və toplamda 269 kq nəticə ilə iki gümüş medala layiq görülüb. Ən önəmlisi isə odur ki, Qazaxlı idmançılarımızın əldə etdiyi 3 qızıl və 4 gümüş medal nəticəsində Azərbaycan komandası Avropa birinciliyində ümumi sıralamada üçüncü yerə layiq görülüb. Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qalib adını qazanan idmançılar iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov idmançıları əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığı vurğulanıb. Hər zaman sərbəst güləşdə adını tarixə yazdıran qazaxlı idmançıların yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş, bürünc medallar əldə etdikləri bildirilib. Qazax idmançıları ağır atletika idman növündə də adlarını tarixə yazdıra bildilər. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə çatdırıb. Qazax Olimpiya İdman Kompleksində, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə, Çaylı kəndində ağır atletika ilə məşğul olan idmançılar üçün idman zallarının yaradılması həmin qayğının bariz nümunəsi kimi qeyd edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Qalib ölkənin idmançılarına uğurlar arzulayıb. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan bəhs edib. "Göyəzən" Ağır Atletika Klubunun ağır atletika idman növü üzrə məşqçi-müəllimi, Ağır Atletika üzrə İdman ustası, Əməkdar məşqçi Rayət Abdalov çıxış edərək ünvanlarına səslənən xoş sözlərə, əməklərinə verilən yüksək dəyərə, qiymətə görə minnətdarlığını bildirib. Görüşün sonunda qalib idmançılar mükafatlandırılıb. Vəli VƏLİYEV, "Respublika" qəzetinin bölgə müxbiri, 7 avqust 2025-ci il, səhifə 7 https://respublika-news.az/az/news/qalib-idmancilarin-ugurlari Geri qayıt |