Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Bölgələrin tarixi, adət-ənənəsi, təbiəti öyrənilir
Bölgələrin tarixi, adət-ənənəsi, təbiəti öyrənilirDünən, 20:48 |
Respublika mətbuatı Qazax haqqında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Abşeron-Xızı, Şirvan-Salyan, Quba-Xaçmaz və Gəncə-Daşkəsən iqtisadi rayonlarından olan gənclərin iştirakı ilə növbəti "Gənclər Düşərgəsi" təşkil olunub. 28 iyul - 1 avqust 2025-ci il tarixlərində Qazax Olimpiya İdman Kompleksində təşkil edilmiş düşərgədə 98 nəfər gənc iştirak edir. 2025-ci il "Konstitusiya və Suverenlik ili"nin təbliğinə həsr olunmuş düşərgənin keçirilməsində əsas məqsəd region gənclərinin şəbəkələşməsi, bilik və bacarıqlarının artırılması, həmrəylik ruhunun yüksəldilməsi, respublikamızın bölgələrini, tarixi yerlərini, abidələrini onlara tanıtmaqdır. 28-29 iyul tarixlərində Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qazaxda səfərdə olan düşərgə iştirakçılarının rayonun görməli yerlərinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı düşərgə iştirakçılarına 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış "Qarabağ Azərbaycandır!" Abidə Kompleksi, Qazax Rayon Heydər Əliyev Mərkəzi və parkı, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Qazax Ədəbiyyat Muzeyi, Fəxri Qazaxlılar parkı, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər Xiyabanı, Qazax Cümə Məscidi, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi, Xalq şairi Səməd Vurğunun Poeziya evi, Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyinin önündə Molla Pənah Vaqifin abidəsi, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialı haqqında dolğun, əhatəli məlumatlar verilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da icra aparatının məsul işçiləri ilə birlikdə Qazax Olimpiya İdman Kompleksində düşərgə iştirakçıları ilə görüşüb. Gənclərlə keçirilən görüşdə torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxışında Gənclər və İdman Nazirliyinin dəstəyi, "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Abşeron-Xızı, Şirvan-Salyan, Quba-Xaçmaz və Gəncə-Daşkəsən iqtisadi rayonlarından olan gənclərin iştirakı ilə təşkil olunmuş "Gənclər Düşərgəsi"nin əhəmiyyətindən söz açıb. Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Coşqun Hidayətov çıxış edərək düşərgənin yüksək səviyyədə təşkil olunmasının əhəmiyyətindən danışıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında Qazaxda qonaq olan gənclərlə görüşməkdən məmnun olduğunu bildirib. İcra başçısı gənclərə rayonun tarixi, keçmişi, bu günü, tarixi şəxsiyyətləri, sosial-iqtisadi göstəriciləri, kənd təsərrüfatı, istehsal və sənaye müəssisələri haqqında dolğun və əhatəli məlumat verib. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində əldə edilən nailiyyətlərdən, qazanılan uğurlardan söz açıb. Gənclər özləri, eləcə də təmsil etdikləri bölgələr, təhsil aldıqları universitetlər, məktəblər haqqında məlumat verərək görüşün yaddaşlarına ülvi duyğularla yazıldığını bildiriblər. Vəli VƏLIYEV, "Respublika" qəzetinin bölgə müxbiri 1 avqust 2025-ci il, səhifə 12 https://respublika-news.az/az/news/bolgelerin-tarixi-adet-enenesi-tebieti-oyrenilir Geri qayıt |