Əsas Səhifə > Manşet / Rəsmi > Prezident İlham Əliyev: “Özbəkistan dövlətinə və xalqına Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik”
Prezident İlham Əliyev: “Özbəkistan dövlətinə və xalqına Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik”4-07-2025, 08:40 |
2025-ci ilin 2 iyul tarixi Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri və həmin səfər zamanı iki ölkə başçısının mətbuata verdikləri bəyanatla yadda qaldı. Prezident İlham Əliyev bildirdi ki, biz ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk. Ölkə başçısı qeyd etdi ki, Özbəkistan idman sahəsində yeni uğurlar əldə edir. Mən, ilk növbədə, Şavkat Miromonoviçi öz adımdan və bütün Azərbaycan xalqı adından tarixi nailiyyət – futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etdim və dedim ki, bu uğur təsadüfi deyil. Bu, özbək idmançıların beynəlxalq arenada, o cümlədən Yay Olimpiya Oyunlarında nümayiş etdirdikləri şanlı idman qələbələrinin davamıdır. Əlbəttə, bu, həm də rəhbərliyin və Prezidentin gənclərin təlim-tərbiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsidir. Dövlət başçısı vurğuladı ki, biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik. Bu gün sahə nazirlərinin qarşılıqlı fəaliyyətimizin müxtəlif istiqamətləri üzrə hesabatları dinlənildi. Biz bu gün həm əmtəə dövriyyəsini, həm də qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətini bir daha təsdiqlədik. Ölkə rəhbəri söylədi ki, bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur. Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq. Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir. Hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir və əməkdaşlıq edir. Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, - mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, - xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır. Biz özbək dostlarımıza məsləhət yardımlarına və kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduqlarına görə minnətdarıq. Özbəkistan şirkətlərinin bu sahədə təcrübəsi bizim üçün çox qiymətlidir. Bu gün, həmçinin konkret olaraq həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələri xüsusi müzakirə etdik. Ölkə başçısı vurğulayıb ki, Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar. Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk. Bu gün biz Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasını birlikdə açacağıq. Yenə də Şavkat Miromonoviçə həmin binanı tikmək qərarına görə minnətdarlığımı bildirmək istəyirəm. Bu yerin tarixi artıq kifayət qədər qədimdir. Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb, şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, eyni zonada. Bakının ən gözəl yerində Özbəkistan parkı açılacaq. Amma bu, indi təkcə Özbəkistan torpağının bir hissəsi olmayacaq, həm də bu gün Bakı şəhərinin mərkəzi yerlərindən birində təməli qoyulacaq “Özbəkistan” parkının, ən perspektivli, müasir urbanizm layihəsi olan “Ağ şəhər”də, bu layihənin tam mərkəzində, demək olar ki, 5 hektara yaxın ərazidə “Özbəkistan” parkı yaradılacaq. Bu layihənin təqdimatı keçən il mənim dövlət səfərim zamanı olmuşdu. Bu müddət ərzində layihənin razılaşdırılması, torpaq sahələrinin ayrılması, infrastrukturun yaradılması istiqamətində işlər görülüb, ərazi artıq köhnəlmiş tikililərdən təmizlənib. Əminəm ki, qısa müddətdə Bakı şəhərində Özbəkistanın gözəl guşəsi yaradılacaq. Bu, həm də vətəndaşlarımızın, xarici turistlərin məmnuniyyətlə gələcəyi bir yer olacaq. Bu, bir daha bizim qardaşlıq münasibətlərimizin təzahürüdür. Əminəm ki, belə layihələr çox olacaq. Özbəkistanda daha çox turizm infrastrukturu layihəsi həyata keçiriləcək. Bu gün hələ çox işimiz var. İki ölkə arasında imzalanmış sənədlər mühüm əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planı (“Yol xəritəsi”)”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı Proqramı”, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası ilə bağlı 2025-2027-ci illər üzrə Tədbirlər Planı”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayət fəaliyyəti ilə əlaqəli mobil cihazlar üzrə məlumat mübadiləsinin təşkili haqqında Saziş”,“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol xəritəsi” həmin mühüm sənədlərdir. Qeyd edək ki, səfər çərçivəsində, həmçinin “Sumqayıt şəhəri ilə Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Qəbələ şəhəri ilə Nəvai şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin “İMKON” reabilitasiya mərkəzli dövlət çoxsahəli ixtisaslaşdırılmış məktəbəqədər təhsil müəssisəsi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin yanında “International Inclusive Hub” Beynəlxalq inklüziv peşə baza təhsili mərkəzi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə əhalinin sosial cəhətdən həssas qruplarına aid olan şəxslərə xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb. Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlərə gəlincə Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildə qurulmuşdur. 1996-cı ilin avqust ayında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin iyul ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır. Özbəkistan Respublikası ilə münasibətlərimiz hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır. Azərbaycan və özbək xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq münasibətləri, ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyət və dil dövlətlərimiz arasında hərtərəfli əlaqələrin inkişafına mühüm töhfə verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında təşəkkül tapmış qarşılıqlı hörmət və etimada, eləcə də qardaşlıq münasibətlərinə əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailiyyətlərin əldə olunmasını təşviq edən əsas faktor kimi çıxış etməkdədir. Hazırda Azərbaycan-Özbəkistan münasibətlərinin bütün sahələrində, o cümlədən siyasi, sosial-iqtisadi, energetika, humanitar, təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı istiqamətləri üzrə intensiv əməkdaşlıq müşahidə edilməkdədir. Azad edilmiş ərazilərimizin bərpasına ilk xarici töhfə olan, Özbək xalqının Azərbaycana hədiyyəsi-Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazisində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin tikintisi xalqlarımız arasında dostluq və qardaşlığın daha bir rəmzi kimi qiymətləndirilir. Azərbaycan-Özbəkistan ikitərəfli format ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər. Xüsusilə, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı qardaşlıq və həmrəyliyə əsaslanmaqla nümunəvi xarakter daşıyır. Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21-22 iyun 2022-ci ildə Özbəkistan Respublikasına dövlət səfəri etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15-16 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək məqsədilə Özbəkistan Respublikasına işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10-11 noyabr 2022-ci ildə Səmərqənd şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Toplantısında iştirak etmək məqsədilə Özbəkistan Respublikasına işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 noyabr 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XVI Zirvə Toplantısında iştirak etmək məqsədilə Özbəkistan Respublikasına işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına 22-23 avqust 2024-cü il tarixlərində dövlət səfəri etmişdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 1-2 mart 2023-cü ildə keçirilmiş Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 22-23 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasına dövlət səfəri etmişdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 24 noyabr 2023-cü ildə Bakıda keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı-SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 5-6 iyul 2024-cü ildə Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 11-13 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Hökumət başçılarının qarşılıqlı səfərlərinə gəlincə Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov 18-19 iyul 2023-cü ildə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 02 avqust 2022-ci ildə Daşkənd şəhərində keçirilmiş Azərbaycan, Özbəkistan və Türkiyənin xarici işlər, iqtisadiyyat və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin Birinci Üçtərəfli Toplantısında iştirak etmək məqsədilə Özbəkistan Respublikasına işgüzar səfər etmişdir. Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov 05-06 iyul 2023-cü ildə Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov 10 oktyabr 2023-cü ildə Şuşa şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 14-15 aprel 2024-cü ildə Mərkəzi Asiya-Ərəb Körfəzi Dövlətləri Strateji Dialoqunun İkinci Nazirlər Toplantısında fəxri qonaq qismində iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfər etmişdir. Parlamentlərarası əlaqələrə gəlincə AR Milli Məclisində Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri isə Eldar İbrahimovdur. Özbəkistan Respublikasının Ali Məclisində Azərbaycanla əməkdaşlıq üzrə qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Kadirov Alişer Keldiyeviçdir. Müqavilə-hüquq bazasına gəlincə 199 sənəd imzalanmışdır. Mühüm sənədlər “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında hərtərəfli əməkdaşlığın və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi haqqında Bəyannamə”. 18 iyun 1997-ci ildə Daşkənd şəhərində imzalanmışdır. “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”. 23 mart 2004-cü ildə Daşkənd şəhərində imzalanmışdır. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”. 21 iyun 2022-ci ildə imzalanmışdır. “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”. 23 avqust 2024-cü ildə Daşkənd şəhərində imzalanmışdır. İqtisadi sahədə əməkdaşlığa gəlincə iki ölkə arasında 18 iyun 1997-ci ildən qüvvədə olan “Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Protokol”a əsasən əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır. 2022-ci illə müqayisədə, 2023-cü ildə Özbəkistan Respublikası ilə ticarət dövriyyəsi 2,47 faiz, o cümlədən idxal 3,80 faiz azalmış, ixrac isə 1,44 faiz artmışdır. 2023-cü ildə Özbəkistan Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,35 faiz (32-ci yer), o cümlədən idxalda 0,76 faiz (20-ci yer), ixracda isə 0,14 faiz (30-cu yer) təşkil etmişdir. Geri qayıt |