Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı igid Vətən oğullarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib

Qazaxda icra başçısı igid Vətən oğullarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib


1-07-2025, 21:14


"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atılan igid oğullarımız minlərlədir. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda hər zaman nümunə götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır, diqqət və qayğısını əsirgəmir. Şəhidlərimizin xatirəsini əziz tutmağı, onların ailə üzvlərinə qayğı göstərməyi fəaliyyətinin əsas hissəsi hesab edir. Rayon rəhbəri şəhidlərimizin ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır. Rayon rəhbərinin şəhid ailələrini günün istənilən vaxtında qəbul etməsi, onlar tərəfindən edilən müraciətlərə yerində baxması və həlli istiqamətində konkret tapşırıqlar verməsi bunun əyani sübutudur.


Qazaxda Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın əziz xatirəsi də hər zaman yüksək səviyyədə yaşadılır. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır. 

Qazaxda rayon rəhbərliyi tərəfindən mütəmadi olaraq torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarının, uyuduqları xiyabanların ziyarət olunması da artıq bir ənənə halını alıb.

İyulun 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Hüseynbəyli kəndində igid Vətən oğullarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib, qəhrəman oğulların əziz xatirəsini ehtiramla anıb. 



Geri qayıt