Əsas Səhifə > Manşet / Sosial > Qazaxda prospekt və küçələrin işıqlandırılması yenidən qurulur – FOTOLAR

Qazaxda prospekt və küçələrin işıqlandırılması yenidən qurulur – FOTOLAR


30-06-2025, 19:52


Bu gün əminliklə deyə bilərik ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində nəinki paytaxt Bakı, eləcə də respublikamızın bütün bölgələri günü-gündən gözəlləşir. Bunu son bir neçə ildə Qazaxda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir. 

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilməkdədir. Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görülür. Şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə yeni asfalt örtüyünün döşənməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində aparılan abadlıq işləri, Qazax şəhəri Azadlıq küçəsində yerləşən 206A saylı binanın fasadında təmir işlərinin aparılması, Əliağa Şıxlinski küçəsində asfalt döşənməsindən əvvəl yol kənarında yerləşən obyekt və hasarlarda abadlıq işlərinin aparılması, Aslan Kəmərli küçəsində yeni səkilərin salınması, şəhərin Heydər Əliyev prospektində və küçələrdə müasir işıqlandırma sisteminin quraşdırılması, səkilərin kənarına məhəcərlərin vurulması söylədiklərimizin əyani sübutudur.

Təqdirəlayiq haldır ki, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Qazax Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Heydər Əliyev prospekti 127 və 158, Vidadi küçəsi 14 ünvanında yerləşən ikimərtəbəli yaşayış binalarının həyətlərinə, eləcə də Nəriman Nərimanov yaşayış massivində məhəllədaxili yollara yeni asfalt örtüyü vurulub. 

Sevindirici haldır ki, Qazaxda prospekt və küçələrin işıqlandırılması da yenidən qurulur. Hazırda şəhərin Heydər Əliyev prospektində yeni quraşdırılan müasir işıq dirəkləri gecələr hərəkəti asanlaşdırmaqla yanaşı, şəhərin estetik görünüşünü də gözəlləşdirir. Bu gün daha bir neçə yeni işıq dirəyi quraşdırılıb. 

Sakinlər rayonda aparılan abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Görülmüş işləri dövlətin, ölkə başçısının onlara olan növbəti qayğısı və töhfəsi kimi qiymətləndirirlər.

Şəhərin Heydər Əliyev prospektində yeni quraşdırılan müasir işıq dirəkləri



Geri qayıt