Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda icra başçısı məktəblilərlə görüşüb
Qazaxda icra başçısı məktəblilərlə görüşüb12-06-2025, 19:13 |
Rəhbər kimi fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayıran, bu sahədə çalışan insanlara qayğı göstərən, müəllim əməyini hər zaman yüksək qiymətləndirən, məktəblilərə qayğısını daim əsirgəməyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov illər öncə əsası qoyulan ənənəni bu gün də davam etdirir. Bu gün rayon rəhbərinin Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatında 15 İyun Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevə və müstəqil Azərbaycanımıza həsr olunmuş şeir söyləyən Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 7ç sinif şagirdi Səmədli Banu Seymur qızı və 3b sinif şagirdi Səmədli Əli Seymur oğlu ilə görüşməsi, onlarla səmimi söhbət etməsi məktəblilərə verilən dəyərin, göstərilən qayğının daha bir bariz nümunəsidir. İyunun 12-də Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov məktəbliləri salamlayıb, qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi ürək sözlərini, təbriklərini çatdırıb. Rayon rəhbəri 15 İyun – Milli Qurtuluş Gününün dövlətimizin tarixində xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bu günə görə Ulu Öndər Heydər Əliyevə minnətdar olduğumuzu söyləyib. Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açan rayon rəhbəri nə qədər Azərbaycan dövləti və xalqı var, dahi şəxsiyyətin daim qəlblərdə yaşayacağını söyləyib. Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” kəlamını səsləndirən icra başçısı bu kəlamın real həyatda öz əksini tapdığını qeyd edib. Gələcəyimiz olan gənclər üçün müasir standartlara cavab verən məktəblərin inşa olunmasını, təhsil sahəsinə daim dövlət səviyyəsində qayğı göstərilməsini yüksək qiymətləndirən icra başçısı bütün işlərin, həyata keçirilən tədbirlərin təməlində məktəblilərimizin, onların savadlı, bilikli, vətənpərvər gənc kimi yetişməsinin dayandığını qeyd edib. İcra başçısı son illər ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil sahəsinə də Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Rayon rəhbəri məktəblilərlə səmimi söhbət edərək onlara öz qayğısını əsirgəməyib, Ulu Öndər Heydər Əliyevə və onun şah əsəri olan Azərbaycana həsr olunmuş şeirləri ürəkdən, sevərək səsləndirdiklərinə, dahi liderə olan sonsuz sevgilərinə görə razılığını ifadə edib. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktor əvəzi Könül Kərimova çıxış edərək təhsil sahəsinə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi qayğı ilə yanaşdığına, müəllimlərə, onların əməyinə verdiyi dəyərə, qiymətə, məktəblilərə olan səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkür edib. Ölkəmizdə dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə olan qayğılarının Qazax rayonunda olduğu kimi davam etdirildiyini, bugünkü görüşün də məhz bunun əyani sübutu olduğunu söyləyib. “Atam sərhədçidir. Biz sərhəddən başlayan Vətənimizi və müstəqil Azərbaycanımızı çox sevirik. Ulu Öndərin şah əsəri olan qüdrətli və qalib Azərbaycanın vətəndaşları, məktəbliləri olduğumuz üçün çox şanslıyıq”, - deyən Banu və Əli də bugünkü görüşə görə rayon rəhbərliyinə təşəkkür ediblər. Məktəblilərlə səmimi söhbət edən icra başçısı sonda onlarla xatirə şəkli çəkdirib. Geri qayıt |