Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda dövlət proqramı uğurla icra olunur

Qazaxda dövlət proqramı uğurla icra olunur


12-02-2018, 17:06

QAZAX RESPUBLİKA MƏTBUATINDA

Qazaxda dövlət proqramı uğurla icra olunur
"Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası respublikanın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra edilir. Ölkə Prezidentinin rəhbərliyi ilə 29 yanvar tarixində keçirilmiş konfransda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun da çıxışı onu deməyə əsas verir ki, son dövrlərdə rayon əsl inkişaf dövrünü yaşamaqdadır. Qazaxda qeyri-neft sektorunun hazırkı durumu ilə maraqlandıq. Əvvəlcə Qazax ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələri ilə görüşmək qərarına gəldik. Bu baxımdan şəhərin ən görməli yerlərindən olan, təzəcə əsaslı təmir aparılmış, mütəfəkkirlər parkına üz tutduq. Sözün əsl mənasında park heç də paytaxt Bakı parklarından fərqlənmir. Məlum oldu ki, füsunkar gözəlliyə malik olan bu istirahət guşəsi qazaxlıların, eləcə də, rayona üz tutan qonaqların ən sevimli istirahət məkanlarından birinə çevrilmişdir.
Burada sakinlərlə söhbət zamanı birmənalı şəkildə hər bir qazaxlı rayon İcra Hakimiyyəti başçısının fəaliyyətindən ağız dolusu danışdılar. Rayonun ziyalı ağsaqqallarından Sabir Məhərrəmov, Qəzənfər Qocayev və başqaları qeyd etdilər ki, Rəcəb müəllimin gördüyü işlərdən və xeyirxahlığından saatlarla danışsaq yenə də kifayət etməz. O, hər bir müraciətə fərdi olaraq yanaşır, sakinlərin qaldırdıqları məsələlərə həssaslıqla yanaşır. Yanvarın 29-da dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən konfransda çıxışı hər bir qazaxlıda qürur hissi oyatdı. Hesab edirik ki, bu ölkə başçısının bütün qazaxlılara diqqət və qayğısının bariz nümunəsidir.
Rayonda son iki ildə bütün sahələrdə əldə olunan nailiyyətlər sürətlə bir-birini əvəz edir. Dövlət Başçısının "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində Qazax rayonunun ötən il ən çox sərmayə qoyulmuş rayonlar arasında qabaqcıl yeri tutmasını qeyd etməsi rayonun sürətli inkişafını bir daha təsdiq edir. 2017-ci ildə rayona investorlar tərəfindən 26520 min manat sərmayə qoyulmuşdur. Respublika Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Qazaxda qeyri-neft sektorunun inkişafı rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə sürətlə inkişaf edir. Rayonun Daş Salahlı kəndində "Mətanət-A” şirkəti tərəfindən illik gücü 50 min ton olan əhəng istehsalı zavodunun tikintisinə 2016-cı ildə başlanmış, 2017-ci ilin sonunda başa çatdırılmışdır. Layihənin ümumi dəyəri 15 milyon manatdır. Müəssisədə 300 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulmuşdur. ”Carçıoğlu GROUP” MMC tərəfindən layihə dəyəri 6 milyon manat, illik istehsal gücü 9600 ton istehsalı olan elektrod zavodunun tikintisi sürətlə davam edir. Zavodun 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Burada 100 nəfərin daimi işlə təmin olunacağı nəzərdə tutulmuşdur. "Saloğlu” fərdi firması 2017-ci il ərzində 15970 min manat investisiya qoyularaq tikinti işləri aparılır. Hal-hazırda firmada 339 nəfər daimi işlə təmin olunmuşdur. Layihə başa çatdıqdan sonra isə işçilərin sayı 750 nəfərə çatacaqdır. Azərbaycanın qədim xalçaçılıq sənətini özünə qaytarmaq üçün respublikanın bir neçə bölgəsində, o cümlədən, "Azərxalça” ASC-nin Qazax filialının tikintisi sürətlə başa çatdırılmış və ilin sonuna istifadəyə verilmişdir. Fabrikdə 161 nəfər daimi işlə təmin olunacaqdır. Hazırda 90 nəfər fabrikdə çalışır. 2017-ci ildə Qazaxda 1177 nəfər daimi, 450 nəfərsə müvəqqəti işlə təmin olunmuşdur.
Son 2 il ərzində Qazaxda aqrar sahənin inkişafı ürəkaçan olmuşdur və bütün kəndli və fermerlər, ümumən qazaxlılar bir inkişafın canlı şahidləridir. 2017-ci ildə rayona ümumilikdə 43 milyon 800 min manat investisiya qoyulmuşdur ki, bunun da 16 milyon 425 min manatı aqrar sahəni əhatə etmişdir. İllər uzunu istifadəsiz qalmış 1721 hektar suvarılmayan torpaq sahəsi yenidən əkin dövriyyəsinə cəlb olunmuşdur. 2016-2017-ci illərdə rayonda 1721 hektaradək ərazidə 2 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan bir fermer təsərrüfatı və Qazax aqroparkı yaradılmışdır. Qeyd etmək lazımdır ki, ötən ildə Qazax rayonunun 27 yaşayış məntəqəsi üzrə 18700 hektar sahədə kənd təsərrüfatı məhsulları əkilmişdir. Əvvəlki illə müqayisədə 2152 hektar əlavə torpaq sahəsi əkin dövriyyəsinə cəlb olunmuşdur. 2018-ci il üçün əkin sahələrinin 19968 hektara çatdırılması nəzərdə tutulmuşdur. Rayonda kartofçuluğun inkişafı artan dinamika ilə inkişaf edir. 2017-ci ildə ötən 2016-cı ildəkindən 2 dəfə çox, yəni, 809,1 hektar sahədə kartof əkilib. Becərmə işlərində 2380 nəfər mövsümi işlə təmin olunmuşdur. Bu sahədə 22 min ton məhsul əldə olunaraq orta məhsuldarlıq hər hektara 271 sentner təşkil etmişdir.
Qazaxda xüsusi gəlirli sahə olan tütünçülüyün inkişafı da ilbəil yüksəlir. 2016-cı ildə 10 hektar tütün əkildiyi halda keçən il 50 hektar sahədə tütün əkini aparılmış və 80 ton məhsul əldə olunmuşdur. Bu sahədə 230 nəfər mövsümi işlə təmin olunmuşdur. Cari ildə tütünçülüyün daha da inkişafı planlaşdırılır. Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün taxılçılığın inkişafına da xüsusi diqqət yetirilir. 2017-ci ildə əvvəlki ilə nisbətən 3320 hektar çox olmaqla 11 min hektar sahədə taxıl əkilmişdir. Nəticədə 12665 ton çox olmaqla 36469 ton taxıl istehsal edilib. Məhsuldarlıq 33 sentner təşkil etmişdir. Azərbaycan üçün ənənəvi sahə olan baramaçılığın inkişafı ölkəmizdə yüngül sənaye üçün xammal bazası yaratmaqla bərabər, həm də əsasən kənd əhalisinin məşğulluğunu təmin edir ki, bu da kümçülərdə daha da yüksək nəticə əldə etməyə motivasiya yaradır. Bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 1502 kiloqram barama istehsal olunduğu halda 2017-ci ildə 4623 kiloqram barama istehsal olunmuşdur. Barama qurduna yem bazasının gücləndirilməsi məqsədilə 2016-2017-ci illərdə Qazaxın müxtəlif ərazilərində 23 min ədəd Çin Xalq Respublikasından gətirilmiş və 8800 ədədi yerli növ olan çəkil tingi olmaqla cəmi 31800 ədəd tut tingi əkilib aqro-texniki qulluq göstərilir. Dövlət Başçısının tapşırığına əsasən respublikanın bir sıra yerlərində olduğu kimi, Qazaxda da fındıqçılığın inkişafı ilə bağlı mühüm addımlar atılmaqdadır. Son iki ildə rayonda 87 hektar fındıq bağı salınaraq 223 hektara çatdırılıb. Cari ildə əlavə 39 hektar ərazidə fındıq bağı salınması nəzərdə tutulur. Bu məhsulun "Made in Azerbaijan” brendi altında xarici ölkələrə ixracı təmin olunur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Qazaxda istehsal olunan kənd təsərrüfatı məhsullarının satışında heç bir problem yaşanmamışdır. Belə qənaətə gəlmək olar ki, Dövlət Başçısının Azərbaycanın idxaldan asılılığının aradan qaldırılması və ixracın artırılması, iqtisadiyyatın şaxələndirilməsi və əhalinin maddi-rifah halının daha da yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr Qazaxda uğurla icra olunur.
Vəli VƏLİYEV,
"Respublika” qəzeti
11 fevral 2018-ci il

Geri qayıt