Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazax sərmayə qoyuluşuna görə ilk onluqdadır

Qazax sərmayə qoyuluşuna görə ilk onluqdadır


11-02-2018, 11:39

QAZAX RESPUBLİKA MƏTBUATINDA

Qazax sərmayə qoyuluşuna görə ilk onluqdadır
Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsi etmişdir. Rayon rəhbəri 2017-ci ildə Qazaxda görülmüş tikinti-quruculuq işləri barədə ətraflı məlumat verərək demişdir ki, hesabat ilində bütün sahələr üzrə uğurlu nəticələr əldə olunub. Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib. Tikinti-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatı sahəsində də görülən işləri təhlil edən İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin bu sahə ilə bağlı irəli sürdüyü tapşırıqların yerinə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd olunmuşdur ki, Qazax dinamik inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində nəzərdə tutulmuş 24 ədəd çoxmənzilli binanın dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatdırılmışdır. Vətəndaşların müraciətlərini nəzərə alaraq, daha 54 çoxmənzilli bina təmir edilmişdir. Bunun nəticəsində 103 nəfər işlə təmin olunmuşdur.
Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. 2017-ci ilin oktyabr ayında əlavə 2 qrupun, 2018-ci ilin yanvar ayında isə 6 qrupun açılmasına nail olunmuşdur. Bundan əlavə, "HGC GROUP” MMC tərəfindən Daş Salahlı kəndindəki uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılaraq istifadəyə verilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən Kosalar, Xanlıqlar və Cəfərli kənd körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri aparılmış, müasir tələblərə uyğun inventar və avadanlıqlarla təchiz olunmuşdur. Qazax şəhərindəki körpələr evi-uşaq bağçalarında kombi sistemi quraşdırılmış, bütün bağça işçiləri xüsusi geyimlə təmin olunmuşlar. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar
Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. 2017-ci il ərzində rayonda 13 yeni müəssisə yaradılmış, 1497-si daimi olmaqla 1568 yeni iş yeri açılmışdır.
Rayonda "Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir. Bu proqramın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı sərmayə qoyuluşuna görə ilk onluqda olan rayonlar sırasında Qazağın da adını qeyd etmişdir. İqtisadiyyatın müxtəlif sahələrinə ümumilikdə 43,8 milyon manat özəl sərmayə qoyulmuşdur. "Azərxalça” ASC tərəfindən Qazax şəhərində 161 iş yerlik xalça müəssisəsi tikilərək istifadəyə verilmişdir.
Daş Salahlı kəndinin abadlaşması istiqamətində genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə başlanılmışdır. Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksində əsaslı təmir işləri aparılmış və abidənin ətrafında yeni park salınmışdır. İllik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində əhəng zavodunun tikintisi başa çatmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Həmin zavodda 350 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. "Carçıoğlu GROUP" MMC tərəfindən Xanlıqlar kəndində illik istehsal gücü 50 min ton olan əhəng zavodunun və illik istehsal gücü 9600 ton olan elektrod istehsalı zavodunun tikintisi davam etdirilir. Bu zavodlarda 250 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
2017-ci il ərzində 10 subartezian quyusu istifadəyə verilmiş və keçən il qazıntısı aparılan 6 ədəd subartezian quyusu yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
2017-ci ildə cəmi 36.469 ton taxıl əldə olunmuşdur ki, bunun da 29.840 tonu buğda, 6,629 tonu isə arpadır. Hər hektar sahədən 36 sentner buğda, 24,10 sentner arpa götürülmüşdür. Ümumi məhsuldarlıq 33,03 sentner olmuşdur. 2017-ci ildə rayonda 47,8 hektar yeni fındıq bağı salınmış və beləliklə, fındıq bağlarının sahəsi 222,83 hektara çatmışdır ki, bunun da 136 hektarı məhsuldar bağlardır. Əkin sahələrindən 22 min ton kartof, 2 min 726 ton qarğıdalı, 132 ton günəbaxan, 12 min 13 ton tərəvəz və sair istehsal olunmuşdur. İl ərzində 80 min 240 kiloqram quru tütün məhsulu istehsal edilmişdir. Əvvəlki illə müqayisədə tütünün əkin sahəsi 40 hektar, istehsal olunmuş məhsul isə 64 min 605 kiloqram çox olmuşdur. 2018-ci ildə daha 60 hektar sahədə tütün becərilməsi nəzərdə tutulmuşdur. Ötən il Qazaxda 4623 kiloqram barama istehsal edilmişdir. Bu, 2016-cı ildəkindən 3 min 123 kiloqram və ya 3,1 dəfə çoxdur. Baramaçılığın inkişaf etdirilməsi məqsədilə 2017-ci ildə 7 min 300 ədəd tut tingi basdırılmışdır ki, bunun da 4 min 300 ədədi yerli, 3 mini isə Çin Xalq Respublikasından gətirilmişdir…
İcra Hakimiyyəti başçısının məruzəsindən sonra rayon maliyyə idarəsinin rəisi Novruz Abdullayev, Aqroparkın departament müdiri İlkin Əliyev və başqaları çıxış edərək rəhbərlik etdikləri sahələrdə görülmüş işlərdən söz açmışlar.
Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən genişmiqyaslı layihələrdən söz açmış, "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Qazaxda uğurla həyata keçirildiyini demişdir.
Milli Məclisin deputatları Ülviyyə Ağayeva və Kamran Nəbizadə öz çıxışlarında rayonda görülmüş işləri yüksək qiymətləndirmişlər.
Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
11 fevral 2018-ci il

Geri qayıt