Qazaxda Rayon Təhsil şöbəsinin nəzdində yaradılmış işçi qrupu tərəfindən 2019-2020-ci tədris ilinin birinci yarımilində ümumtəhsil məktəblərində aparılan monitorinqin nəticəsi müzakirə olunub
Bu gün tam əminliklə deyə
bilərik ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin
səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının
mühüm tərkib hissəsi hesab edilir. Azərbaycan da bu ölkələr sırasındadır. Bunu
son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən
də aydın şəkildə görmək olar. Məhz son 15 ildə ölkəmizdə təhsilin normativ
hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatının
yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi sahəsində imzalanan çoxsaylı sərəncamlar söyləməyə
əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək
əzmindədir. Respublikamızın hər yerində
olduğu kimi, Qazaxda da təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Ölkə
başçısının qayğısı sayəsində rayonda təhsilin keyfiyyətinin artırılması,
müəllim və şagirdlərin yüksək şəraiti olan məktəblərdə elmlə məşğul olmaları üçün
hər cür şərait yaradılır. 2019-cu ilin 4 fevralında əsaslı yenidənqurmadan
sonra istifadəyə verilən S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb,
hazırda Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar
kənd tam orta məktəb, eləcə də Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb
üçün yeni binanın tikilməsi, həmçinin Təhsil Nazirliyi tərəfindən A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb
üçün yeni binanın inşası bu dediklərimizin əyani sübutudur. Qazaxda təhsil sahəsində böyük
uğurların qazanılmasında 2016-cı ilin oktyabr ayında Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü ilə Rayon Təhsil şöbəsi tərəfindən yaradılmş işçi
qrupunun da böyük əməyi var. İşçi qrupunun yaradılmasında isə əsas məqsəd
təhsil sahəsini inkişaf etdirmək, şagirdlərin dərsə davamiyyətini, müəllimlərin
dərsə hazırlıq səviyyəsini müəyyən etmək və seçilən müəllimləri yüksək
qiymətləndirməkdir. Həmçinin məktəbdə müəllim-direktor, müəllim-şagird və
müəllim-valideyn münasibətlərini formalaşdırmaqdır. İşçi qrupu yaradılan gündən
ötən müddət ərzində şagirdlərin dərsə davamiyyət faizi onu göstərir ki, rayonda
bu istəyə - təhsilin keyfiyyətinin artırılmasına nail olunub. Bunu işçi
qrupunun 2016-2017, 2017-2018 və 2018-2019-cu tədris illərində rayon məktəblərində apardığı monitorinqin nəticələri bir daha
sübut etdi. İldən-ilə uğurlu nəticələr əldə edən işçi qrupu 2019-2020-ci tədris
ilində də öz fəaliyyətinin öhdəsindən layiqincə gəlməyə çalışır. Bu gün Qazax Rayon İcra Hakimiyyətində 2019-2020-ci
tədris ilinin birinci yarımilində Qazax rayonu üzrə 20 ümumtəhsil məktəbində
monitorinq zamanı işçi qrupu tərəfindən dinlənilən 208 saat dərsin rayon
rəhbərliyi yanında müzakirəsi olub. İclasda icra aparatının məsul işçiləri, Təhsil
şöbəsinin əməkdaşları, işçi qrupunun üzvləri, 2019-2020-ci tədris
ilində mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş, eyni zamanda dərsləri
dinlənilmiş gənc müəllimlər iştirak ediblər. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə dərsləri dinlənilən gənc
müəllimlər - M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin
ibtidai sinif müəllimi Günel Osmanova, S.Həsənov adına Bala Çaylı kənd tam orta
məktəbin biologiya müəllimi Şövqiyyə Məmmədova, İ.Qayıbov adına şəhər 3 nömrəli
tam orta məktəbin kimya müəllimi Vəfa Pirvəliyeva, S.Vurğun adına 2 nömrəli tam
orta məktəbin tarix müəllimi Leyla Xudiyeva, N.Hüseynov adına Aşağı Salahlı kənd
tam orta məktəbin kimya müəllimi Afaq Abbasəliyeva, Q.Hacımahmudova adına şəhər
ümumi orta məktəbin kimya müəllimi Elmar İbrahimov, İ.Nəsibov adına Aşağı
Əskipara kənd tam orta məktəbin ibtidai sinif müəllimi Ləman Süleymanovanın fəaliyyəti
ilə ayrı-ayrılıqda maraqlanıb, onların fikirləri, gələcək planları ilə tanış
olub. Sonra icra başçısı qeyd
edib ki, Prezident İlham Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısı,
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndər Heydər Əliyevin
təhsil siyasətinin uğurlu davamıdır. Ölkə başçısının təhsilin
inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son
dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses
təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. İcra başçısı bildirib ki, hər kəsə yaxşı
məlumdur ki, Qazax rayonu ölkəmizdə təhsilin beşiyi sayılır. Ona görə də bu
sahə ən yüksək səviyyədə olmalı, daha çox inkişaf etməlidir. Rayonumuzda bunun
üçün lazım olan bütün şərait vardır. Məktəblərimizdə qabaqcıl müəllimlər,
təcrübəli pedaqoqlar çalışır. Şagirdlər də müəllimlərin tədrisindən
bəhrələnərək təhsil sahəsində yüksək göstəricilər əldə edir, sevindirici
nəticələr qazanırlar. Zaman-zaman təhsil sahəsində möhkəm zəmin yaranmış,
sağlam bünövrə daha da möhkəmlənmiş, məktəblərdə qabaqcıl ənənə formalaşmışdır. Rayon rəhbəri bildirib ki,
təhsilin daha da inkişaf etməsi, bu sahənin daha da qabaqcıl olması üçün icra
başçısı kimi mən fəaliyyətə başladığım ilk gündən təhsil sahəsinə diqqət və
qayğı ilə yanaşmışam. Təhsilin inkişafı üçün əlimdən gələni əsirgəməmişəm.
Müəllimlərə, eləcə də şagirdlərə rayon rəhbərliyi tərəfindən həmişə diqqət və
qayğı göstərilmişdir. Şagirdlərin müasir standartlara cavab verən məktəblərdə
təhsil almaları üçün yeni məktəb binaları tikilmiş, əsaslı təmir olunaraq
yenidən qurulmuşdur. Müəllimlərin daha yaxşı şəraitdə dərs keçmələri, tədrisin
yüksək səviyyədə aparılması təmin olunmuş, bu sahədə vəziyyət ildən-ilə yaxşılaşmışdır.
Görülən genişmiqyaslı işlərin, həyata keçirilən məqsədyönlü tədbirlərin
nəticəsidir ki, təhsil sahəsində yüksək nəticələr əldə olunmuş, uğurlu
göstəricilər qazanılmışdır. İcra başçısı qeyd edib ki,
təhsil sahəsi ilə bağlı əldə etdiyimiz ən uğurlu göstəricilərdən biri də işçi
qrupunun yaradılmasıdır. İşçi qrupunun yaradılmasında əsas məqsəd məktəbləri
nəzarətdə saxlamaq deyil, əksinə təhsil sahəsinin inkişaf etdirilməsi idi.
İstəyimiz təhsilin keyfiyyətinin artırılması, fənlərin tədrisi
vəziyyətinin yüksəldilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və yayılmasını təmin
etməkdir. Biz bu illər ərzində əldə etdiyimiz təcrübə ilə bir daha onu göstərdik
ki, təhsil sahəsini inkişaf etdirmək üçün Qazaxda bütün imkanlar mövcuddur.
Xüsusilə də gənc müəllimlərə hər zaman geniş imkanlar yaradılır. Onların öz üzərilərində
daha da artıq işləyərək böyük təcürbə toplamaları üçün işçi qrupunun üzvü olan
və rayonda sayılıb-seçilən müəllimlər tərəfindən hər zaman dəstək var.
Sonra 2019-2020-ci tədris ilinin birinci yarımilində
Qazax rayonu üzrə işçi qrupu tərəfindən monitorinq keçirilən 20 ümumtəhsil məktəbinin
adları qeyd olunaraq dinlənilən dərslərin keyfiyyəti və müəllimlərin hazırlıq səviyyəsi
müzakirə olunub. İşçi qrupunun üzvləri -rayon Təhsil şöbəsində metodkabinetin
müdiri Məhəmməd Cəfərov, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə metodist
Orxan Əliyev, ibtidai siniflər üzrə metodist Şəfa Yadigarova, tarix və
coğrafiya fənləri üzrə metodist Süsən Alməmmədova, Ş.Çobanov adına Ağköynək kənd
tam orta məktəbin kimya-biologiya müəllimi, Əməkdar müəllim Sədaqət Əmirxanova,
N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin fizika müəllimi, "Tərəqqi”
medallı Yasəmən Qayayeva, S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi Nuriyyə Qasımova, xarici dil müəllimi Kifayət Carçıyeva
dinlədikləri dərslər haqqında ətraflı məlumat veriblər. Qeyd ediblər ki,
2019-2020-ci tədris ilinin birinci yarımilində şəhər məktəblərindən - S.Əfəndiyev
adına 1, S.Vurğun adına 2, İ.Qayıbov adına 3, F.Şamoyev adına 4 nömrəli tam orta məktəblərdə, Q.Hacımahmudova adına
ümumi orta məktəbdə, M.Hüseyn adına məktəb-liseydə, kənd məktəblərindən - Ə.Əhmədov
adına Qarapapaq kənd ümumi orta məktəbdə, E.Cəfərov adına Çaylı kənd 2 nömrəli,
A.Əliyev adına Hüseynbəyli, Ş.Çobanov adına Ağköynək, Canalı, Ş.Cəbiyev adına
Daş Salahlı kənd 2 nömrəli, A.Məhərrəmov adına Yuxarı Əskipara, N.Hüseynov
adına Aşağı Salahlı, M.Dilbazi adına Cəfərli, İ.Nəsibov adına Aşağı Əskipara,
S.Hacıyev adına Orta Salahlı, A.Mustafayev adına Qazaxbəyli, S.Həsənov adına
Bala Çaylı kənd tam orta məktəblərdə 208 saat dərs dinlənilib. Hər bir müəllimin
bilik və bacarığı, dərsə hazırlıq səviyyəsi ilə bağlı fikirlərini bildiriblər.
Qeyd ediblər ki, qeyd olunan tələblər üzrə hər bir müəllimin dərsi yüksək,
yaxşı və orta olaraq qiymətləndirilib. Monitorinqin həyata keçirilməsində şəffaflığa
tam əməl olunduğunu, hər bir müəllimin dərsinə xüsusi həssaslıqla yanaşıldığını
bildiriblər. Çıxış edən gənc müəllimlər respublikamızda,
eləcə də Qazax rayonunda təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə
başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin
minnətdarlıqlarını bildiriblər. Rəhbər kimi fəaliyyətə başladığı ilk gündən
təhsil sahəsinə olan diqqətinə, ziyalılara verdiyi dəyərə görə Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşova rayon ziyalıları adından sonsuz
təşəkkürlərini çatdırıblar. İstər məktəblər, istər müəllimlər, istərsə də
siniflər arasında sağlam rəqabətin yaranmasında işçi qrupunun fəaliyyətinin
mühüm rol oynadığını qeyd ediblər. Bildiriblər ki, bu gün biz bir daha şahidi
olduq ki, işçi qrupunun fəaliyyətinin, bütün bu işlərin arxasında gərgin əmək
dayanır. Ən əsası da obyektivlik və şəffaflıq tam təmin olunur. Peşəkar
müəllimlər tərəfindən biz gənc müəllimlərə verilən qiymət bizim məsuliyyətimizi
artırmaqla yanaşı, bizlərə təcürbə qazanmağa, öz üzərimizdə işləməyə böyük
stimul verir. Çıxış edənlər işçi qrupunun fəaliyyətinin bundan sonra da yüksək
səviyyədə davam edəcəyini vurğulayaraq gələcək işlərində uğurlar arzulayıblar. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qazanılan uğurları
əldə saxlamaq və bu göstəriciləri daha da artırmaq üçün böyük səylə çalışmağı
tövsiyə edib. Bildirib ki, rayonumuzda bunun üçün hər cür imkan vardır. Bu
imkanlardan səmərəli istifadə etməklə daha böyük uğurlar qazanılmalıdır.
GOYEZEN.AZ
Facebook-da paylaş