Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda taxıl biçini başa çatıb

Qazaxda taxıl biçini başa çatıb


29-07-2024, 19:18


Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini əhalinin etibarlı ərzaq təminatı təşkil edir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət daşıyır. Çünki taxılçılıq həm əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəyir, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində böyük rol oynayır. Məhz bu səbəbdən taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə kənd təsərrüfatında böyük çəkiyə malik olan taxılçılığın inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsinə gətirib çıxarır.

Ölkə başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazax rayonunda da olduğu kimi icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər.

2024-cü ilin məhsulu üçün payızlıq və yazlıq olmaqla, Qazax rayonunda 11445 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 4507 hektarı buğda, 6938 hektarı arpa sahəsidir.

Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə yetişən məhsul biçilib, artıq Qazax rayonunda taxıl biçini başa çatıb. 11445 hektar biçilmiş taxıl sahəsindən 35676 ton məhsul götürülüb. Orta məhsuldarlıq 31,2 sentner olub. 

Biçin aparılmış 4507 hektar buğda sahəsindən 14892 ton buğda toplanıb ki, orta məhsuldarlıq 33 sentner təşkil edib. 

Biçinin başa çatdığı 6938 hektar arpa sahəsindən 20784 ton arpa götürülüb ki, orta məhsuldarlıq 30 sentnerdir. 

Qeyd edək ki, ümumilikdə, taxıl biçininə 62 ədəd kombayn cəlb edilib. Onlardan 9 ədədi “Aqroservis” ASC-nin Qazax bölməsinə, 23 ədədi fiziki şəxslərə, 30 ədədi isə “Aqroservis” ASC-nin digər rayon bölmələrinə məxsus olub. 

Bundan əlavə, biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar əvvəlcədən saz vəziyyətə gətirilib. Həmçinin, taxıl biçinindən əvvəl yanğın hallarının baş verməməsi üçün risklərin aradan qaldırılması istiqamətində fermerlərlə maarifləndirmə işi aparılmış, taxıl sahəsində yanğın təhlükəsizliyi tədbirləri də diqqətdə saxlanılmış, texniki təhlükəsizlik qaydalarına əməl olunmuş və heç bir yanğın hadisəsi baş verməmişdir.


Geri qayıt