Əsas Səhifə > Kənd təsərrüfatı > Qazax KOB dostun rəhbəri rayonda fəaliyyət göstərən maye halda qablaşdırılmış soyuq qəhvə istehsalı müəssisəsində olub
Qazax KOB dostun rəhbəri rayonda fəaliyyət göstərən maye halda qablaşdırılmış soyuq qəhvə istehsalı müəssisəsində olub4-12-2023, 19:58 |
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə sahibkarlığın inkişafına daim xüsusi diqqət göstərib. Heç kəsə sirr deyil ki, Ulu Öndər Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqda, onun tərəqqisində görürdü. Ulu Öndər ölkədə geniş iqtisadi islahatların həyata keçirilməsinə, o cümlədən sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına çalışırdı. Təqdirəlayiq haldır ki, əsası Ulu Öndər tərəfindən qoyulan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafına dövlət dəstəyi, bu sahəyə olan qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə bölgələrimizdə atılan məqsədyönlü addımlar bu sahənin uğurla inkişaf etdirilməsinə xidmət edir. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunmaqdadır. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar. Qazax rayonunun Xanlıqlar kəndində keçmiş elektrod zavodunun ərazisində fəaliyyət göstərən maye halda qablaşdırılmış soyuq qəhvə istehsal edən “Correcto” MMC müəssisəsi də bu söylədiklərimizin bariz nümunəsidir. Dekabrın 4-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Qazax KOB dostun rəhbəri Elnur Pənahov və Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov sözügedən müəssisədə olub, mövcud vəziyyətlə maraqlanıblar. “Correcto” MMC-nin direktoru Teymur Əmircan yeni fəaliyyətə başlayan istehsal müəssisəsi haqqında ətraflı məlumat verərək görülmüş və qarşıda nəzərdə tutulan işlərdən danışıb. T.Əmircan bildirib ki, ümumi torpaq sahəsi 2 hektar, istehsal sahəsi 2160 kv.m olan keçmiş elektrod zavodunun ərazisində müəssisənin fəaliyyəti nəzərdə tutulub. Direktor qeyd edib ki, “Correcto” MMC 03.03.2022-ci ildə təsis edilib. Şirkətin əsas profili soyuq qəhvə istehsalıdır. Məhsul “Corretto” əmtəə nişanı altında istehsal olunur. Azərbaycan məhsuludur. “Correcto” MMC Qafqazda ilk zavoddur ki, soyuq kofe istehsalı ilə məşğul olur. Şirkət hazırda 4 çeşiddə - Corretto “Americano”, Corretto “Cappucino”, Corretto “Latte”, Corretto “Mocha” istehsal edir. T.Əmircan növbəti illərdə soyuq qəhvə ilə yanaşı, soyuq çay və bir neçə çeşid meyvə şirələrinin istehsalının nəzərdə tutulduğunu vurğulayıb. Müəssisədə birinci mərhələdə 20 nəfər, ikinci mərhələdə 20 nəfər olmaqla, 40 nəfər işçinin işlə təmin olunacağını bildirib. Müəssisədə quraşdırılan avadanlıqların xarici mütəxəssislər tərəfindən quraşdırıldığını, gələcəkdə müəssisənin fəaliyyət və istehsal sahəsinin daha da genişləndiriləcəyini qeyd edib. Qazax KOB dostun rəhbəri Elnur Pənahov Qazax rayonu üzrə KOB dostunun fəaliyyət istiqamətləri barədə məlumat verib. E.Pənahov Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq Qazax rayonunda sahibkarların hüquqlarının qorunması, müxtəlif çətinliklərinin həll edilməsi, bürokratik əngəllərin aradan qaldırılması, sahibkarların fəaliyyətlərinin asanlaşdırılması, eləcə də yeni müəssisədə istehsal olunmuş məhsulların satışında və digər məsələlərdə hər zaman dəstək olmağa hazır olduqlarını qeyd edib. T.Əmircan ölkəmizdə sahibkarlara, iş adamlarına göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Geri qayıt |