Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda taxıl biçininə start verilib

Qazaxda taxıl biçininə start verilib


5-07-2023, 18:18


Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm yer tutur. Çünki taxılçılıq həm əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəyir, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində böyük rol oynayır. Məhz bu səbəbdən taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə kənd təsərrüfatında böyük çəkiyə malik olan taxılçılığın inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsinə gətirib çıxarır.

Ölkə başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da olduğu kimi icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər.

2023-cü ildə Qazax rayonunda 11854 hektar sahədə taxıl əkilib ki, bunun da 5243 hektarı buğda, 6611 hektarı arpa sahəsidir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da artıq xeyli vaxtdır ki, taxıl biçininə başlanılıb. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə yetişən bol məhsul biçilir. Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə 32 ədəd kombayn cəlb edilib.

Bu günə kimi 5243 hektar buğda sahəsinin 453 hektarında biçin aparılıb. Sahələrdən 1587,3 ton məhsul toplanıb. Hələlik hər hektardan orta məhsuldarlıq 35 sentner təşkil edir. 

6611 hektar arpa sahəsinin isə 4826 hektarında biçin aparılıb. Sahələrdən 14742,8 ton arpa toplanıb. Hələlik hər hektardan orta məhsuldarlıq 30,5 sentner təşkil edir. Qalan sahələrdə biçin işləri sürətlə davam etdirilir.

GOYEZEN.AZ 


Geri qayıt