Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə görülməsi nəzədə tutulan kompleks tədbirlər müzakirə olunub
Qazaxda qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə görülməsi nəzədə tutulan kompleks tədbirlər müzakirə olunub13-01-2023, 15:07 |
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası yanvar ayının 13-də Qazax rayonunda təşkil olunub. İclasın keçirilməsində məqsəd müvafiq sərəncamla təsdiq olunan “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi fəaliyyətinə dair Tədbirlər Planı”nda nəzərdə tutulan işlərin koordinasiyalı icrasını təşkil etməkdən ibarətdir. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən iclasda AQTA-nın, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, Qazax, Ağstafa və Tovuz rayonları üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, digər aidiyyəti şəxslər iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Qazax rayonunda bu cür maarifləndirici tədbirin keçirilməsinə və iclasda qeyd edilən məsələlərin həllində göstərilən dəstəyə görə razılığını ifadə edib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bitki Sağlamlığı Şöbəsinin müdiri Taleh Şəmiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini qeyd edərək qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərindən, bu sahədə görüləcək işlərdən söz açıb. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa Şöbəsinin müdiri Vahid Fərzəliyev çıxış edərək qəhvəyi mərmər bağacığı, onun fəsadları, vurduğu ziyan, adı çəkilən zərərvericiyə qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. İclasda müvafiq sərəncama uyğun olaraq, qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məsələləri müzakirə olunub və Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin koordinasiyalı icrasını təşkil etməyin vacib olduğu vurğulanıb. Qonşu ölkələrdə bitkiçilik təsərrüfatlarında məhsuldarlığı azaldaraq iqtisadiyyata külli miqdarda ziyan vuran zərərvericinin Azərbaycanda yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlərin vaxtında görülməsinin zəruri olduğu önə çəkilib. Həmçinin, iclasda vurğulanıb ki, müvafiq sərəncama uyğun olaraq, bitki və bitkiçilik məhsullarının, eləcə də meşə fondunun qəhvəyi mərmər bağacığından mühafizəsi və ona qarşı mübarizə tədbirləri Aqrar Xidmətlər Agentliyi və Meşələrin İnkişafı Xidməti tərəfindən həyata keçiriləcək. Aqrar Xidmətlər Agentliyi və Meşələrin İnkişafı Xidməti bitki mühafizəsi və zərərvericiyə qarşı mübarizə tədbirlərinin operativ şəkildə həyata keçirilməsi məqsədilə tələbata uyğun zəruri vasitələrin mərhələli şəkildə alınmasını da təmin edəcək. Eləcə də Aqrar Xidmətlər Agentliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə gömrük-sərhəd buraxılış məntəqələrində və yük qatarlarında qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin aparılmasını təşkil edəcək.
GOYEZEN.AZ Geri qayıt |