Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda baramaçılığın inkişafı məqsədilə iki min ədəd tut tingi əkilib

Qazaxda baramaçılığın inkişafı məqsədilə iki min ədəd tut tingi əkilib


24-12-2022, 16:15


Hər kəsə yaxşı məlumdur ki, son illər Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyi daha da gücləndirilib. Ölkəmizdə ixracyönümlü sahə olan baramaçılığın kənd yerlərində məşğulluğun təmin edilməsində mühüm rol oynaması nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük önəm verilir. 

Ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahənin inkişafına yönəldilib. Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görülür. Rayonda Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planının 8.3.1. bəndində əksini tapan baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə yeni tut (çəkil) tingliyi təsərrüfatlarının yaradılmasının və yeni tut (çəkil) bağlarının salınmasının dəstəklənməsi sahəsində məqsədyönlü işlər görülür. 

Qazaxda baramaçılığın əvvəlki şöhrətini qaytarmaq, xüsusilə də yem bazasını möhkəmləndirmək məqsədilə yeni-yeni tut bağları salınaraq kümçülərə təhkim olunur.

Rayonun Aşağı Salahlı kəndində 1500 ədəd, Yuxarı Salahlı kəndində 300 ədəd, Kosalar kəndində 200 ədəd olmaqla, iki min ədəd tut tingi əkilib.

Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, malalama aparılıb, gübrə verilib. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak edib. Tut bağlarının uzunmüddətli yetişdirilməsi üçün dayanıqlı su təminatı nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, cari ilin barama mövsümündə İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülər tərəfindən 2950 kq yaş barama istehsal olunub.  

Aşağı Salahlı kəndi

Yuxarı Salahlı kəndi

Kosalar kəndi

GOYEZEN.AZ


Geri qayıt