Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda taxıl biçini başa çatıb

Qazaxda taxıl biçini başa çatıb


20-07-2022, 11:12


Bu gün ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq da bu sahədə mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində də böyük rol oynayır. Məhz bu səbəbdən taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə kənd təsərrüfatında böyük çəkiyə malik olan taxılçılığın inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsinə gətirib çıxarır.

Ölkə başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da olduğu kimi icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər.

2022-ci ildə Qazaxda 11364,20 hektar sahədə taxıl əkilib ki, bunun 4876,60 hektarı buğda, 6487,60 hektarı arpa sahəsi olub.

Respublikamızın əksər bölgələrində olduğu kimi, Qazax rayonunda da taxıl biçini uğurla başa çatıb. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi nəticəsində zəmilərdə yetişən bol məhsul biçilib. Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə xeyli sayda kombayn cəlb edilib.

Əkilmiş 6487,60 hektar arpa sahəsindən 20802,40 ton arpa toplanıb. Hər hektardan orta məhsuldarlıq 32,1 sentner təşkil edib. 4876,60 hektar buğda sahəsindən isə 18774,90 ton buğda tədarük olunub. Orta məhsuldarlıq 38,5 sentner təşkil edib. 

Ümumilikdə, əkilmiş 11364,20 hektar taxıl zəmisindən 39577,30 ton məhsul toplanıb. Orta məhsuldarlıq 34,8 sentner olub.

GOYEZEN.AZ


Geri qayıt