Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda taxıl biçini davam edir

Qazaxda taxıl biçini davam edir


7-07-2020, 14:01


Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm yer tutur. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində də böyük rol oynayır. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə kənd təsərrüfatında böyük çəkiyə malik olan taxılçılığın inkişaf etdirilməsi üçün məqsədyönlü işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsinə gətirib çıxarır.

Ölkə başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə, verdiyi tapşırıq və tövsiyələrə son illər Qazaxda da olduğu kimi əməl olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər.

Cari ildə Qazaxda 11 min 395 hektar sahədə taxıl əkilib ki, bunun da 6916 hektarı buğda, 4479 hektarı arpa sahəsidir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə yetişən bol məhsul biçilir. Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə xeyli sayda kombayn cəlb edilib. Bu günə kimi 4479 hektar arpa sahəsinin 2404 hektarında6916 hektar buğda sahəsinin isə 2155 hektarında biçin aparılıb. Qalan sahələrdə isə biçin işləri sürətlə davam etdirilir.

GOYEZEN.AZ


Geri qayıt