Əsas Səhifə > Kənd təsərrüfatı > “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı kartof əkininə başlayıb
“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı kartof əkininə başlayıb27-03-2017, 17:15 |
Respublikamızda kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən diqqət və qayğı ildən-ilə artır. Bu da Azərbaycanın aqrar sektorunun ölkə əhalisini bütün növ ərzaq məhsulları ilə təmin edəcəyinə əsas yaradır. Kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı Qazax rayonunda da özünü əyani şəkildə göstərir. Rayondakı “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı buna əyani şəkildə sübutdur. 2016-cı il oktyabr ayının 19-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən təsərrüfatda məhsul istehsalının artırılması istiqamətində böyük işlər görülür. Hazırda kartof əkininə başlanılıb. 212 hektar sahədə aparılacaq kartof əkini işləri sürətlə və aqrotexniki qaydada həyata keçirilir. İşlərin belə sürətlə aparılmasının nəticəsidir ki, qısa müddətdə 40 hektar sahədə əkin işləri həyata keçirilib. Hər gün təqribən 8-10 hektar sahəyə kartof toxumu səpilir. İşlərin gedişi belə deməyə əsas verir ki, təsərrüfatda kartof əkini yaxın günlərdə başa çatdırılacaqdır. Təsərrüfat direktorunun birinci müavini Safura Vəliyeva GOYEZEN.AZ saytına bildirib ki, sahələrə Almaniyadan gətirilmiş “AQATA” kartof sortu əkilir. Bunun üçün əvvəlcədən lazımi hazırlıq işləri həyata keçirilərək sahələrdə şumlama və dərmanlama işləri görülüb. S.Vəliyeva onu da qeyd edib ki, bu gün təsərrüfat şumlama traktorları, dərmanlanma və toxumsəpən aqreqatlarla tam təmin olunub. Bu isə əkinin sürətlə aparılmasına və optimal müddətdə başa çatdırılmasına əsas verir. Elçin İSMAYIL
Geri qayıt |