Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda bu il 12 min 600 hektar sahədə taxıl əkilməsi nəzərdə tutulub
Qazaxda bu il 12 min 600 hektar sahədə taxıl əkilməsi nəzərdə tutulub3-01-2020, 12:17 |
Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı dövlətimiz və ölkə rəhbəri tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsinə səbəb olur. Dövlət başçısı İlham Əliyevin respublikamızda taxılçılığın inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələr son 3 ildir ki, Qazaxda da uğurla icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən diqqət və qayğı, hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər. Rayonda bu sahədə olan inkişafı hər il əkilən taxıl sahələrinin hektarından da görmək olar. 2016-cı ildə 7820 hektar taxıl əkilib ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil edib. 2017-ci ildə 11039,8 hektar taxıl sahəsindən 8289,2 hektarında buğda, 2750,6 hektarında arpa əkilib. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunub. Həmin il taxıl əkilmiş sahələr genişləndirilib və 12629 hektarda əkin aparılıb. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilib. Yola saldığımız 2019-cu ildə də taxıl sahələri genişləndirilib və 12 min 555 hektarda taxıl, o cümlədən 8 min 305 hektarda buğda, 4 min 250 hektarda arpa yetişdirilib. Qazaxlı taxılçılar zəmilərdən 42 min 330 ton məhsul götürüblər. 4250 hektar arpa sahəsindən 10902,2 ton, 8305 hektar buğda sahəsindən isə 31427,8 ton məhsul tədarük olunub. Hazırda rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənli bitkilərin əkini davam edir. Bu il 8355 hektarı buğda, 4245 hektarı arpa olmaqla 12600 hektar sahədə taxıl əkilməsi nəzərdə tutulub. Bu günə kimi isə 11392 hektarda taxıl əkilib ki, bunun da 6916 hektarı buğda, 4476 hektarı arpadır. GOYEZEN.AZ Geri qayıt |