Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda tütün dərimi davam edir

Qazaxda tütün dərimi davam edir


17-08-2019, 15:19


Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu sahədə uğurlu nəticələr əldə edilib. Respublika Prezidenti İlham Əliyevin neft sektoru ilə yanaşı qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi, ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələrə əsasən bu sahəyə xüsusi diqqət və qayğı göstərilir. Respublikamızda bu sahənin sürətlə inkişaf etməsində ölkə rəhbəri tərəfindən müxtəlif illərdə qəbul edilmiş Dövlət Proqramları da mühüm rol oynayır.

Qazaxda da ölkə başçısının 10 avqust 2017-ci il tarixli Sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” da uğurla icra olunur. Bu il artıq dördüncü ildir ki, Qazaxda tütün becərilir. 2016-cı ildə cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara çatdırılıb. Aqrotexniki tədbirlər vaxtında həyata keçirilməklə 80 tondan çox məhsul götürülüb. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırıblar. Həmin sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilib.

Kənd təsərrüfatında böyük potensiala malik, iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan bu sahə həm də rayonda yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan cari ildə Qazax rayonunun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndlərində cəmi 65 hektar sahədə tütün əkilib. Tütünçülər bu il də keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl ediblər. Artıq xeyli müddətdir ki, tütün dəriminə başlanılıb. Kəndlilər tütün dərimini vaxtında və itkisiz başa çatdırmaq üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. Bu günə kimi isə 70 ton yaş tütün tədarük olunub.


 

GOYEZEN.AZ


Geri qayıt