Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda kartof əkini davam edir

Qazaxda kartof əkini davam edir


30-03-2019, 13:19


İkinci çörək sayılan kartof dəyərli ərzaq məhsulu kimi bitkiçilikdə mühüm yer tutur. Kartofçuluq Qazaxda da təsərrüfatın ənənəvi sahəsidir. Belə ki, rayonda kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda da nümunəvi işlər görülür. Bunu ildən-ilə artan kartof sahələrinin hektarından və əldə edilən bol məhsuldan da aydın şəkildə görmək olar. İşçi qüvvəsi baxımından da tələbatın çox olduğu bu sahə rayonda yeni iş yerlərinin açılmasında da böyük əhəmiyyət kəsb edir. Əgər 2016-cı ildə rayonda 433 hektar sahədən 10205 ton kartof tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 809,1 hektara çatdırılmışdır. 376,1 hektar artıq sahədə kartof becərən kəndlilər həmin sahədən 22000 ton məhsul əldə etmişdir. 2018-ci ildə də həm əkin sahəsi, həm də də əldə edilən məhsul nəzərə çarpacaq dərəcədə artmışdır. Ötən il təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələrdə bol məhsul yetişdiriblər. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq 2018-ci ildə əkin sahələrini daha da genişləndirərək 1118 hektara çatdırıblar. Bu da ötən illə müqayisədə 308,9 hektar çoxdur. Vaxtında və uğurla həyata keçirilən işlərin nəticəsidir ki, qeyd olunan hektardan 30745 ton məhsul əldə olunmuşdur. Orta məhsuldarlıq isə 275 sentner təşkil etmişdir.

İldən-ilə kartof sahələrini genişləndirən qazaxlı sahibkarlar, sadə kəndlilər bu ildə də kartof sahələrini genişləndirməyi düşünürlər. Belə ki, 2019-cu ildə ötən ilə nisbətən əkin sahəsinin 82 hektar artırılaraq 1200 hektara çatdırılması nəzərdə tutulmuşdur.

Artıq bir aydır ki, kartof əkininə başlanılıb. Bununla əlaqədar əkinə hazırlıq işləri tam başa çatdırılıb. Belə ki, kartof əkiləcək sahələrdə hələ ötən ilin payızında lazımi dərinlikdə şum qaldırılıb, şumdan əvvəl sahələr üzvi gübrələrlə zənginləşdirilib. Əkin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün əvvəlcədən həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, bu il də qazaxlı zəhmət adamlarının əməyi sayəsində bol və keyfiyyətli məhsul yetişdiriləcək. Əkində yüksək məhsuldar toxum sortlarından istifadə olunur, əkinçilərə hərtərəfli kömək göstərilir.

Məlumat üçün bildirək ki, bu günə kimi 724 hektarda yazlıq kartof əkini aparılıb.


GOYEZEN.AZ


Geri qayıt