Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda 2 tondan çox tütün təhvil verilib

Qazaxda 2 tondan çox tütün təhvil verilib


16-08-2018, 16:07
Qazaxda 2 tondan çox tütün təhvil verilib
Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində tütünçülüyün inkişaf etdirilməsi də qarşıya qoyulan məqsədlərdəndir.

Bu baxımdan ölkə başçısının "Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında" Sərəncamı böyük əhəmiyyət kəsb edir.

Sərəncam ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Bu da, Azərbaycanda aqrar sektorun ən perspektivli sahələrindən olan tütünçülüyün inkişafı üçün atılan addımların təqdirəlayiq olduğunu göstərir. Digər tərəfdən də kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsi, ayrı-ayrı sahələrin səmərəliliyinin artırılması eyni zamanda ölkə iqtisadiyyatının neft-qaz sənayesindən asılılığının azaldılması deməkdir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ölkənin ümumi iqtisadi inkişafında mühüm rol oynayan aqrar sahələrdən biri kimi tütünçülüyə böyük maraq göstərilir.

Son 2 ildə tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər bu il əkin sahələrini daha 10 hektar da artıraraq 60 hektara çatdırdılar.

Bu məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilmişdir.

Rayon rəhbərinin diqqət və qayğısını hər an hiss edən tütünçülər bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edirlər. Qarşıya qoyulan məqsədə çatmaq üçün böyük səylə çalışırlar.

Bu gün rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər 115 ton yaş və 5,5 ton isə quru tütün tədarük ediblər. Eyni zamanda 2 tondan çox məhsulu isə “İlham-M” MMC-yə təhvil veriblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar.

Bu gün tütün dərimində gündəlik çörək pulu qazanaraq aylıq məvaciblərini təmin edən 150-dən çox insan çalışır. Tütünçülər onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Qazaxda 2 tondan çox tütün təhvil verilib
Qazaxda 2 tondan çox tütün təhvil verilib
Qazaxda 2 tondan çox tütün təhvil verilib
Qazaxda 2 tondan çox tütün təhvil verilib
GOYEZEN.AZ

Geri qayıt