Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxlı tütünçülər bu il daha çox məhsul təhvil verməyi qarşıya məqsəd qoyublar

Qazaxlı tütünçülər bu il daha çox məhsul təhvil verməyi qarşıya məqsəd qoyublar


7-08-2018, 11:30
Qazaxlı tütünçülər bu il daha çox məhsul təhvil verməyi qarşıya məqsəd qoyublar
Ölkənin ümumi iqtisadi inkişafında mühüm rol oynayan aqrar sahələrdən biri kimi tütünçülüyə dövlət qayğısı son illər özünü daha qabarıq göstərməkdədir. Kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsi, ayrı-ayrı sahələrin səmərəliliyinin artırılması eyni zamanda ölkə iqtisadiyyatının neft-qaz sənayesindən asılılığının azaldılması deməkdir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da rayonun kənd təsərrüfatı özünün inkişaf dövrünü yaşayır. İqtisadi cəhətdən gəlirli sahə olan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar da artıraraq 60 hektara çatdırdılar.

Bu məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilmişdir.

Rayon rəhbərinin diqqət və qayğısını hər an hiss edən tütünçülər bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edirlər. Qarşıya qoyulan məqsədə çatmaq üçün böyük səylə çalışırlar.

Bu gün rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər 79 ton yaş və 1,5 ton isə quru tütün tədarük ediblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar.

Tütün dərimində 150-dən çox insan çalışır ki, gündəlik çörək pulu qazanaraq aylıq məvaciblərini təmin edirlər. Tütünçülər onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Qazaxlı tütünçülər bu il daha çox məhsul təhvil verməyi qarşıya məqsəd qoyublar
Qazaxlı tütünçülər bu il daha çox məhsul təhvil verməyi qarşıya məqsəd qoyublar
GOYEZEN.AZ

Geri qayıt